Əsas səhifə 

Moskva Bəyannaməsi Azərbaycanın regionda yaratdığı yeni reallıqların təminatı üçün etibarlı bazadır

«Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında  müttəfiqlik qarşılıqlı  fəaliyyəti haqqında» Bəyannamənin  imzalanması Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə  sanballı, həlledici töhfədir

İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycan  Ermənistan üzərindəki Qələbəsi ilə bölgədə siyasi, iqtisadi qüdrəti, diplomatik uğurları, hərbi üstünlüyü  ilə seçilən ölkə olduğunu təsdiqlədi.  10 noyabr 2020-cildə Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin   imzaladıqları üçtərəfli Bəyanatda Azərbaycanın maraqlarını əks etdirən məsələlərin yer alması   bölgədə  sabitliyi təmin edən yeni reallıqların yaranmasında  xüsusi xidmətləri olan ölkəmizin uğurlarının təzahürüdür.  Xarici siyasətinə uyğun olaraq bütün ölkələrlə  münasibətlərini qarşılıqlı hörmət və etimad prinsiplərinə uyğun  inkişaf etdirən Azərbaycanın bu sahədəki səylərinin bariz nümunəsi  ölkəmizin tolerant, multikultural dövlət kimi tanınmasıdır. Vətən müharibəsindən sonra  Azərbaycana hər zaman qardaş dəstəyi göstərən Türkiyə ilə Azərbaycan arasında  müttəfiqlik münasibətlərini əks etdirən Şuşa Bəyannaməsinin, daha sonra   Türkiyə, Azərbaycan və Pakistan parlamentləri sədrlərinin iştirakı ilə   Bakı Bəyannaməsinin imzalanması dünya siyasətində  söz sahibi olan Azərbaycana beynəlxalq səviyyədə artan maraqdan qaynaqlanır. İmzalanan sənədlərdə qeyd olunan bəndlərə uyğun  dövlətlərarası nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya- kommunikasiya texnologiyaları sahəsində regional əməkdaşlıq üçün  əlaqələrin inkişafı bütünlükdə dünya siyasətinə təsir edəcək amillərdəndir.

Bu günlərdə  Moskvada Azərbaycan və Rusiya prezidentləri  İlham Əliyevin və Vladimir Putinin imzaladıqları 43 bənddən ibarət «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfəiklik qarşılıqlı fəaliyyəti haqqında» Bəyannamə”də iki ölkə arasındakı münasibətlərin  perspektivləri yeni reallıqlar baxımından tənzimlənir.  Sənəddə müttəfiqliyin möhkəmlənməsi ilə bağlı aktual məsələlərə xüsusi diqqətlə yanaşılmışdır. Rusiya ilə Azərbaycan  arasında dostluq və mehriban qonşuluq münasibətlərinin  tarixinə,  mədəni və humanitar əlaqələrin,  xalqlarımızın maraqlarına  uyğun hazırlanan sənəd  regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək.  Bəyənnamə tərəfdaşlığın  keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə  çatdırılması imkanlarını artıracaq. Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial,  eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyi əsas amil kimi nəzərdə tutulur.  Tərəfdaş ölkələrin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə sadiqliyi əks etdirən Bəyannamədə  əsrlərə söykənən qonşuluq münasibətlərinin ənənələri də  ifadə olunur. Beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasında,  sülhün və təhlükəsizliyin qorunub-saxlanmasında BMT-nin rolunun vacibliyinin qeyd olunduğu Moskva Bəyannaməsində hər  iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət  əsas prinsiplər kimi göstərilir.  Eləcə də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin təmin edilməsi  məqsədilə qarşılıqlı fəaliyyətin  gücləndirilməsi  konstruktiv əməkdaşlığa töhfə kimi dəyərləndirilir. Bəyannamədə qeyd olunur ki,  qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət gücləndiriləcək. Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi,  bölgə dövlətləri arasında uzunmüddətli sülhün yaradılmasında birgə əməkdaşlıq imkanları genişləndirəcəklər.  Əsas maddələrdən biri də  Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin,  müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinə sadiqlikdir.  Qeyd olunduğu kimi,  Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsi, iki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi qlobal enerji əməkdaşlığını da  stimullaşdıracaq.  Enerji resurslarının nəqli , eləcə də alternativ və bərpa olunan enerji mənbələri,  informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi əsas hədəf olan  regional sabitliyi təmin edəcək .

İmzalanma mərasimindən sonra mətbuata verdikləri bəyanatları ilə  tarixi sənədin əhəmiyyətindən bəhs edən prezidentlərin açıqlamaları maraqla qarşılandı.

«Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Ötən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Biz, sözsüz ki, möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması ənənələrinə əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzmindəyik» söyləyən  Prezident Vladimir Putin Bəyannamədə  biri-birindən əhəmiyyətli aktual məsələlərin kompleks halda  nəzərdən keçirilməsini perspektiv üçün «yol xəritəsi» kimi dəyərləndirdi. Qarşılıqlı ticari-iqtisadi əlaqələrin, sənayedə, aqrar sahədə səmərəli tərəfdaşlığın hər iki dövlət üçün faydalı olacağını bildirdi. Respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını çatdırdı. Vladimir Putin  Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imzalanan üçtərəfli Bəyanatda qeyd olunan  razılaşmaların tam həcmdə icrasının vacibliyini də vurğuladı.  Rusiya sülhməramlılarının  işğaldan azad edilmiş ərazilərin  minalardan təmizlənməsindəki fəaliyyətindən,  humanitar aksiyalarda iştirakından bəhs edən Rusiya Prezidentinin «Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Rusiya öz tərəfindən, yuxarıda adları çəkilən bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək…Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqları var» sözləri regionda əməkdaşlığın təminatına göstərilən etimaddır.

Rusiya ilə Azərbaycanın münasibətlərinin  müttəfiqlik səviyyəsinə çatdırılmasını böyük  imtiyaz və  məsuliyyət adlandıran Prezident İlham Əliyev bildirdi ki, uzunmüddətli əməkdaşlığa, mehriban qonşuluğa, praqmatizmə əsaslanan təməl üzərində  məhkəmlənən münasibətlərin məntiqi nəticəsi əməkdaşlığın  müttəfiqlik münasibətləri  səviyyəsinə qaldırılmasıdır: «Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.»

Bu ilin aprel ayında  qeyd olunacaq Rusiya ilə  Azərbaycan arasında  diplomatik münasibətlərin yaradılmasının 30 illiyi tarixinə  təsadüf edən Moskva Bəyannaməsinin imzalanması tərəfdaş ölkələrin əməkdaşlığında  müsbət meyilləri daha da artıracaq.  İnvestisiyaların artırılması ilə  regionda yaranan yeni vəziyyət,  geosiyasi reallıqlar çoxtərəfli  əməkdaşlığın dərinləşdirilməsi imkanları şaxələnəcək.

Başqa sözlə deyilsə,  Moskva Bəyannaməsi Azərbaycanın regionda yaratdığı yeni reallıqların təminatı üçün etibarlı bazadır. «Artıq «3+3”» deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var» sözləri ilə qlobal nəqliyyat  infrastrukturunun  bölgədə yaradacağı sabitliyin əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyev hər iki ölkə arasında  humanitar əlaqələrin möhkəmlənməsini,  Bakı Humanitar Forumunun  bərpası ilə bağlı perspektivlərin müəyyənləşdirilməsini  tolerantlıq  əlaqələrinə dəstək adlandırdı.   Dövlət başçımızın vurğuladığı kimi, işğaldan azad edilmiş ərazilərdə Rusiya şirkətlərinin iştirakı iqtisadi münasibətləri  qarşılıqlı maraqlar baxımından tənzimləyir. «Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraq var. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və biz həmin sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq» söyləyən Prezident İlham Əliyev bildirmişdi ki,  Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu  «3+3» platforması  Azərbaycanın  sülh və sabitliyə  yönələn  xoş niyyətlərinin göstəricisidir. « Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi  9-10 noyabr 2020-ci il tarixli Bəyannatın bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,     Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı problemlərin həllində  Rusiyanın iştirakı önəmlidir.  Sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edən Azərbaycandan fərqli olaraq Ermənistanın bu sahədə göstərdiyi qeyri-müəyyənliyi diqqətə çatdıran dövlət başçımız bildirdi ki, bu müqavilənin imzalanması   münasibətlərin tənzimlənməsi, regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

«Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir» söyləyən Prezident İlham Əliyev bildirir ki, Rusiya ilə  Azərbaycanın birgə səylərini əks etdirən Moskva Bəyannaməsinin imzalanması Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə  sanballı, həlledici töhfədir.

Daha çox xəbərlər