Gündəm 

Azərbaycanın artan beynəlxalq nüfuzu ölkənin inkişaf perspektivlərini müəyyən edir

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycanın yüksək iqtisadi göstəriciləri, diplomatik uğurları və artıq qalib dövlət olması ölkəmizə olan müsbət maraqları artırmışdır.

Hazırda Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.

Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Xüsusilə qardaş Türkiyə dövləti ilə münasibətlər bu gün daha yüksək şəkildə inkişaf etməkdədir. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmək deməkdir. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.

Azərbaycan türk dövlətləri ilə münasibətlərə hər zaman mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir.

Eyni zamanda sülhün və əməkdaşlığın tərəfdarı olan Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə, NATO ilə münasibətləri də yüksələn xətlə və uğurla inkişaf edir.

Artan beynəlxalq nüfuz ölkənin inkişaf perspektivlərini müəyyən edir. Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və onların inkişafına şərait yaradıb.

Hazırda Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmış: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.

2022-ci 22 fevral tarixli Moskva Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri və strateji sahələri ölkələrimizin milli maraqlarına söykənir. Moskva Bəyannaməsi böyük əhəmiyyətə malik, Azərbaycanın maraqlarına cavab verən, ölkəmizə yeni imkanlar qazandıran sənəddir.

İmzalanmış Bəyannamə Azərbaycanı daha da gücləndirir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya, habelə siyasi iradə, güc və müvafiq bacarıqlarının təzahürüdür.

Eyni zamanda Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistanın vəziyyətdən sui-istifadə imkanlarını məhdudlaşdırır. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətləri iştirak edir. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb. Bu sahə əməkdaşlığın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.

Bəllidir ki, Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində Rusiyanın rolu böyükdür. Çünki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.

Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.

Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bütün bu nailiyyətlər ölkəmizin gələcək rifahı naminə atılacaq böyük addımlar üçün yol açacaqdır. Bu inkişaf və tərəqqinin müsbət nəticələri ölkəmizin digər bölgələri kimi bizim rayonumuzda uğura, inkişafa səbəb olacaqdır. Artıq biz bu inkişafın real nümunələrini işğaldan azad olunan ərazilərdə, eləcə də rayonumuzda aparılan işlərdə görürük. Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 aya tikilib istifadəyə verilməsi ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, rayonumuzun gələcəkdə regional və beynəlxalq əhəmiyyət daşıyacağından, o cümlədən füzulilərə dövlətimizin göstərdiyi diqqətdən qayğıdan xəbər verir.

İlkin Əmirli

Füzuli RİH başçısının köməkçisi

Daha çox xəbərlər