Cəmiyyət 

Azərbaycan Sahibkarlar Konfederasiyası Sahibkarlara müraciət edib

Fevralın 22-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə sahibkarlarına işğaldan azad edilmiş ərazilərdə iş yerlərinin yaradılması ilə bağlı çağırışı səsləndirilib, bu ərazilərdə gələcək biznes imkanları müzakirə edilib, habelə Azərbaycan Sahibkarlar Konfederasiyasının 2021-ci ilin hesabatı və 2022-ci ilin iş planı dinlənilib.

2021-ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyası rayon sahibkarları arasında təmsilçiliyi genişləndirərək, ümumilikdə 43 rayonda nümayəndə strukturu formalaşdırıb və bununla da dövlət-özəl dialoqunda region sahibkarlarının fəallığını yüksəltməyə nail olub. Bununla bərabər Azərbaycan məhsullarının xarici ölkələrdə təbliği, investisiya mühitinin təşviq edilməsi, xaricdə çalışan iş adamlarımızla əlaqələrin qurulması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası təmsilçilik fəaliyyətini genişləndirib. Hazırda 23 xarici ölkədə Konfederasiyanın 21 nümayəndəsi fəaliyyət göstərir.

Ötən il ölkədə sahibkarlığın inkişafı, biznesin dəstəklənməsi məqsədilə Konfederasiya tərəfindən 20 qanunvericilik aktına əlavə və dəyişikliklər təklif edilib. Konfederasiya 30-a yaxın beynəlxalq tədbirə evsahibliyi edib, ölkəmizdəki xarici diplomatik nümayəndələrlə 21 görüş keçirilib. Beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən sahibkarlıq təşkilatları ilə 11 memorandum imzalanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyəti  Mübahisələrin Alternativ Həlli Mərkəzinin təsis edilməsi ilə bağlı müvafiq qərar qəbul edib.

Rəyasət Heyətinin üzvləri tərəfindən işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırılması ilə bağlı gələcək planlar dinlənilib, Azərbaycan Sahibkarlar Konfederasiyasının 2021-ci ilin hesabatı və 2022-ci ilin iş planı səsə qoyularaq qəbul edilib.

İclasın sonunda Azərbaycan Sahibkarlar Konfederasiyası adından işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırılması, yeni iş yerlərinin yaradılması ilə bağlı ölkə sahibkarlarına çağırış qəbul edilib.

Azərbaycan Sahibkarlar Konfederasiyası Sahibkarlara müraciət də edib.

Müraciətdə bildirilir:

“Ölkə Prezidentinin Ağdam rayonuna sonuncu səfəri zamanı iş adamlarına müraciət edərək onları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Azərbaycanda yeni biznes qurmaq və sahibkarlığın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını vurğulayan ölkə Prezidenti cənab İlham Əliyev qeyd etdi ki,  “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar”.

Eyni zamanda, fevralın 18-də ölkə prezidenti yeni icra başçılarının təyinatı ilə bağlı görüşdə sahibkarlara tövsiyə etdi ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar.

Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türk Ticarət və Sənaye Palatasına daxil olan dövlətlərin Bakıda keçirilmiş növbədənkənar görüşündə Qarabağa investisiya qoyulması ilə bağlı iqtisadi imkanlar müzakirə edilib. Həmçinin təşkilat bütün üzvlərinə müraciət edərək, şəhid ailə üzvlərinin, qazilərin işlə təminatında aktiv olmağa çağırıb. Azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəldilməsi məqsədilə üzv şirkətlərdən toplanan investisiya layihələri hökumətə təqdim edilib.

İndiki şəraitdə, xüsusilə postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə Prezidentinin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük Qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcəkdir.

Konfederasiya öz imkanlarından istifadə edərək, azad olunmuş torpaqlarda biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstək tədbirlərindən yararlanması üçün təşkilatı yardım göstərməyə hazırdır.
Qeyd edək ki, artıq aqrar, təhsil, emal, mədənçıxarma, ticarət, turizm sahələrini əhatə edən investisiya təklifləri mövcuddur və bundan sonra təkliflərin icra mərhələsinə keçid etmək lazımdır.

Bununla bərabər  Vətən müharibəsində iştirak etmiş və fərqlənmiş gənclərimizin işlə təmin olunmaları Azərbaycan sahibkarlar Konfederasiyasının qarşısında prioritet məsələ kimi durur.

Konfederasiya daima üzv olan sahibkarlara bu sahədə məsləhətlər verir və hüquqi yardım göstərir.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq dövlətin sosial tərəfdaşı kimi,  təmsil etdiyimiz  sahibkarlarla birlikdə həmrəylik nümayiş etdirməklə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanır və  əmin edirik ki, dövlətimizin daha da güclənməsi, rəqabətə davamlı istehsalın genişləndirilməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əlverişli biznes mühitindən yararlanmaqla ölkəmizin, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün var gücümüzlə çalışacaq və bütün iş adamlarını bu şərəfli  və məsuliyyətli işdə yaxından iştirak etməyə çağırırıq.

Daha çox xəbərlər