Siyasət 

Heç kim qanundan yuxarı ola bilməz – Prezident tapşırığı

Təcrübə göstərir ki, yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verir

Ölkə iqtisadiyyatının inkişafında, sosial islahatların həyata keçirilməsində kadr islahatlarının rolu böyükdür. Bu baxımdan respublikada dövlət idarəçiliyi sistemi xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınmaqla təkmilləşdirilir, hədəflərə, müasir dövrün çağırışlarına uyğun addımlar atılır. Son dövrlərdə ölkənin dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara xüsusi etimad göstərilməsi təqdirəlayiq hal, gələcəyimizə təminatdır. Ölkəmizdə gənclər siyasətinin əsas prinsiplərindən olan yeni nəslin nümayəndələrinin dövlət idarəçiliyində irəli çəkilməsi ənənəsi hazırda daha intensiv, bütün sahələr üzrə davam etdirilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb. Təcrübə göstərir ki, yeni nəslə etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da vacibdir. Gənclərin rəhbər vəzifələrə, idarəetmə strukturlarında irəli çəkilməsi köhnə stereotiplərdən uzaqlaşmaq, zamanın tələblərinə yeni yanaşma baxımından da əhəmiyyətlidir. Bu cür inkişaf isə əlbəttə ki, ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir. Bu, bir reallıqdır ki, texnologiyalar əsri adlandırılan, elmin tərəqqi etdiyi müasir dövrümüzdə gənclər insanları möcüzələri ilə heyrətləndirən yeni texnologiyaları daha çox və tez mənimsəyirlər. Bu baxımdan yaşlı nəslin təcrübəsi ilə gəncliyin enerjisinin birlikdə tətbiqi idarəçilik sistemində daha çox səmərə verir.

Buna görə də son illərdə aparılan kadr islahatlarının tərkib hissəsi olan gənclərin idarəetmə strukturunda, hökumət işlərində irəli çəkilməsi ənənəsi özünü doğruldur və davam etdirilir. Bu baxımdan dövlətin idarə olunması siyasətinə diqqətlə yanaşan, siyasi iradə göstərən Prezident İlham Əliyevin yeni vəzifələrə təyin olunan kadrlarla görüşlərində əsas tələbi birmənalıdır: « Xalqın maraqlarına uyğun fəaliyyət göstərmək, insanların istək və tələblərini yerindəcə həll etmək, ədalət prinsiplərinə riayət etmək, dövlətin mənafeyini , şəffaflığı qorumaq, korrupsiya və rüşvətxorluğa qarşı barışmaz mübarizə aparmaq: «Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz» söyləyən Prezident İlham Əliyevin gənclərə tövsiyəsi dəyişilməzdir.

Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən Prezident İlham Əliyev yeni kadrlara öz işlərində uğurlar arzulamaqla onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini də bildirdi. «Qarşıda duran əsas vəzifələr icra edildi, infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması, yəni, bütün bu göstəricilər, eyni zamanda, aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilir və Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir» söyləyən Prezident İlham Əliyev bildirdi ki, görülən işlərlə kifayətlənmək ölkəmizin mövcud inkişaf sürətinə uyğun deyil.

Xüsusilə bölgələrdə kadr potensialından, ixtisaslı mütəxəssislərin imkanlarından səmərəl istifadə etməklə regionların inkişafını intensivləşdirmək məmurların onlara tapşırılan işlərə göstərdikləri məsuliyyətdən asılıdır. «Amma bu günə qədər mövcud olan problemlər də var, o cümlədən Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhəri gördüyümüz işlər nəticəsində dünyanın ən gözəl şəhərlərinin birinə çevrilib. Bakıya gələn qonaqlar və əlbəttə ki, yerli sakinlər bunu məmnunluqla qeyd edirlər. Ancaq əgər biz desək ki, Bakının bütün problemləri həll edilib, əlbəttə ki, səhv edərik. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq Bakının bütün yerləri heç də bu meyarlara cavab vermir. Ona görə xüsusilə inkişafa yönəlmiş addımlar Bakının hər bir guşəsində atılmalıdır. İnsanları narahat edən problemlərin həlli həm Bakıda, həm bölgələrdə ön planda olmalıdır» söyləyən Prezident İlham Əliyevin rəhbər işçilərdən əsas tələbi insanlarla daim təmasda olmaq, narahatlıq yaradan problemlərin yerindəcə həllini təmin etməkdir. «Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm. Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi. Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər» söyləyən dövlət başçımız bu cür neqativ halları vicdansızlıq və əxlaqsızlıq adlandırır. Korrupsiya hallarına yol verən , hazırda məsuliyyətə cəlb olunan, istintaqları davam edən icra başçılarının aqibətlərini xatırladır. İşinə məsuliyyətlə yanaşmayan bütün məmurlara qanunlara əməl etmələrini xəbərdarlıq kimi tapşıran dövlət başçımız növbəti dəfə bildirir ki, heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir: Prezident İlham Əliyevin «Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız» sözləri məmurların gündəlik fəaliyyətlərinin vacib iş prinsipinə çevrilməlidir.

Kadrların təyinatında operativlik, obyektivlik insanların vəzifələrinə məsuliyyəti, iş qabiliyyəti, dövlətçiliyə sədaqəti, vətənpərvərliyi nəzərə alınmalıdır. Qohumbazlıq halları aradan qaldırılmalı, kadrların təyinatında dövlətə, xalqa bağlı olan insanlara üstünlük verilməlidir.

Vətən müharibəsi iştirakçılarının, qazilərin işlə təminatına diqqət və qayğı olan sosial islahatların tətbiqində də ixtisaslı, işinin öhdəsindən layiqincə gələn kadrlara inam və etimad diqqətdə saxlanılır. Həyata keçirilən «Məşğulluq marafonu» bu baxımdan özünü doğruldan layihə kimi davam edir. Sahibkarlıqla məşğul olan gənclərə göstərilən dövlət qayğısı, edilən güzəştlər, yaradılan yeni iş yerlərində kadrların seçiminə diqqətlə yanaşılması günümüzün başlıca hədəfi kimi aidiyyatı orqanları düşündürməlidir. Özəl sektorun inkişafını sürətləndirən bu kimi amillərin nəticəsidir ki, ölkə iqtisadiyyatının inkişafında, ümumi daxili məhsulumuzun artmasında xüsusi rolu və payı olan özəl sektora, qeyri-neft sənayesinə maraq artmaqdadır. Postmüharibə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşdüyünü bildirən dövlət başçımız məmurlardan bölgələrdə sahibkarların səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını tələb edir.

«Mən Prezident kimi həmişə sahibkarlara dəstək olmuşam həm mənəvi cəhətdən, həm də yaradılmış infrastruktur, güzəştli şərtlərlə verilmiş kreditlər və digər addımlar atılmışdır. Yerlərdə isə onlara elə şərait yaradılmalıdır ki, onlar həvəslə investisiya qoysunlar, iş yerləri yaratsınlar. Bir sözlə, onlara maneçilik törətmək yox, əksinə, kömək göstərmək lazımdır. Özəl sektorun inkişafı ümumi iqtisadi siyasətimizin istiqamətlərini nəzərə almalıdır» söyləməklə onu da diqqətə çatdırır ki, kənd təsərrüfatı məhsullarını istehsal edən, daxili bazarı yerli , daha keyfiyyətli ərzaqlarla təmin edən fermerlərin, ailə təsərrüfatlarının səmərəli fəaliyyəti üçün bütün imkanlar nəzərə alınmalıdır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sahibkarların fəaliyyətinin genişləndirilməsi də gündəmdə olan aktual məsələdir. «Yəni, bizim qarşımızda indi maliyyə problemlərimiz yoxdur desəm, səhv olar. Ancaq, eyni zamanda, bütün bu işləri özümüz görürük. O cümlədən Qarabağı və Zəngəzuru dirçəltmək üçün heç kimdən bir manat yardım, yaxud da ki, kredit almamışıq. Yəni, bu, onu deməyə əsas verir ki, sadəcə olaraq, yerlərdə işlər düzgün təşkil olunduqda problemlər də öz həllini tapacaq. Yerlərdə həlli mümkün olmayan problemlərin, – elə problemlər təbii ki, var, – həlli üçün siz mərkəzi icra orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam» sözləri ilə yeni iş yerlərinə təyin olunan məmurlardan vəzifə məsuliyyətlərinə vicdanla yanaşmağı tələb edən Prezident İlham Əliyevin tövsiyəsi, tələbi xalqla birgə çalışmaq bacarıqlarını işləri ilə göstərmək, onlara edilən məsuliyyəti vəzifə borclarını yerinə yetirməklə, vətəndaş məmnuniyyəti qazanmaqla doğrultmaqdır.

Daha çox xəbərlər