Qətərdə cümə xütbəsi zamanı Xocalı soyqırımının qurbanları anılıb – FOTO
Qətərin ən böyük məscidlərindən olan Aişə bint Əbu Bəkr məscidində 25 fevral 2022-ci il tarixində cümə xütbəsi zamanı Xocalı soyqırımının qurbanları yad edilib.
Mənzil-qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyinin Baş Katibi və İslam aləminin öndə gələn din xadimlərindən Əli Muhyiddin Əl-Qaradaği cümə xütbəsində Xocalıda baş verənlər haqqında ictimaiyyətə önəmli mesajlar çatdırıb və soyqırımı qurbanları yad edilərək ruhlarına dualar oxunub.
Əl-Qaradaği çıxışında xatırladıb ki, keçmişdən günümüzə nəzər saldığımızda bir çox müsəlman xalqları zülm, haqsızlıq və qətliamlarla üzləşsə də, təəssüflər olsun ki, bəzən müsəlmanların baş verənlərə məsuliyyətsiz və laqeyd yanaşması bu faktların dünya ictimaiyyətinə çatdırılması və yetərli hüquqi qiymət almasına maneə törədib. O, nitqində müsəlmanlar əleyhinə hücumların əvvəllər də baş verdiyini və bu gün də davam etdiyini deyərək, 1992-ci ildə erməni silahlı qruplaşmaları tərəfindən əzəli Azərbaycan torpaqlarında müsəlman azərbaycanlılara və türklərə qarşı törədilmiş qırğınlara toxunaraq bu hücumlarda minlərlə insanın zərər gördüyünü qeyd edib.
Qətlə yetirilən insanların saysız-hesabsız olduğunu bildirən baş katib, bu vəhşiliyi törədənlərin bu günə qədər cəzasız qaldığını vurğulayıb. Ermənilərin 1992-ci ilin 26 fevral tarixində uşaq, qadın, yaşlı demədən 613 sivil insanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində vəhşicə qətlə yetirilməsi tarixə daha bir utancverici ləkə kimi düşüb. Bütün müsəlmanları həmrəyliyə səsləyən xətib, bu soyqırımına görə ermənilərin heç kim tərəfindən ittiham edilməməsindən təəssüfləndiyini bildirib və gələcəkdə belə hadisələrin baş verməməsi üçün birlik nümayiş etdirilməsinin vacibliyinə diqqəti yönəldib.

