Sosial 

Şəhid ailələrinə və qazilərə dövlətin maddi və mənəvi dəstəyi davamlıdır

Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillə təmin olunub, 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib

Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.

Bu gün əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələri və qazilərin məşğulluq problemi aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyədək sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub.

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır. İndiyədək Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, 37 şəhid ailəsi üzvü və yaralının təhsil haqqının, 1004 şəhid ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319 şəhid ailəsi üzvü və yaralının isə tibb xidmətlərin ödənilməsinə vəsait ayrılıb.

“YAŞAT” Fondu 2021-ci ilin fevral ayından etibarən həkim rəyinə əsasən qazilərimizin əməliyyat və müalicəsini qardaş ölkə Türkiyə Respublikasında həyata keçirir. Bu günə kimi 165 qazimiz Türkiyədə ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub, onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46 ağır yaralı qazimizin müalicəsi Türkiyədə davam etdirilir. Onların sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun nəzarətindədir.

Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Həssas təbəqəyə göstərilən diqqət bununla da yekunlaşmır. Onların sosial vəziyyəti daim nəzarətdə saxlanılır. Nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır.

Yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet vətəndaşlara, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

Daha çox xəbərlər