Qərb-Rusiya yeni “soyuq savaşı” Minsk Qrupunu daha dərinə basdıracaq – Bakının qazancı…
Ukrayna müharibəsinə görə Fransa və ABŞ-ın Rusiya ilə münasibətləri uzun müddətə korlanıb, Minsk Qrupunun onları birləşdirməsi mümkün görünmür
Azərbaycan üçün ATƏT-in Minsk Qrupu çoxdan dəfn olunub. Müharibədən sonra Bakıya gələn həmsədrlərə də Prezident İlham Əliyev “xoş getdiniz” tərzində bir qarşılanma münasibəti göstərmişdi. Eləcə də Brüssel görüşündə, Soçi danışıqlarında, digər platformalarda Minsk Qrupu ilə bağlı fikirlər səslənməyib. Sadəcə, vaxtaşırı Avropa İttifaqı nümayəndələri, ABŞ-ın Ermənistanda səfiri “münaqişənin nizamlanması”nın Minsk Qrupu çərçivəsində mümkünlüyündən ağız dolusu danışırlar.
Lakin elə Rusiya prezidenti Vladimir Putin də sonuncu dəfə açıq bəyan etdi ki, Minsk Qrupu daha çox humanitar məsələlərdə töhfə verə bilər. Bununla da 30 il heç bir iş görməyən həmsədr ölkələrin birgə fəaliyyətinin perskeptivi olmadığına işarə verildi.
“Yeni Müsavat” bildirir ki, Rusiya-Ukrayna müharibəsi Minsk Qrupunun gələcəyini tamamilə qəbirə gömdü. Çünki həmsədr dövlətlərin arasında münasibətlər son dərəcə gərgin, düşmənçilik səviyyəsindədir. Bu “soyuq müharibə”nin yaxın gələcəkdə bitəcəyi də görünmür. Odur ki, Minsk Qrupu sözün əsl mənasında gorbagor olmaqdadır.
Bu mənada bəzi təhlilçilərin sözlərinə görə, Rusiya-Qərb qarşıdurmasının güclənməsi və qalıcı xarakter alması Azərbaycana daha faydalıdır. Necə deyərlər, Qərblə Rusiyanın barışığı qiyamətə qaldı. Və bu əbədi qarşıdurma, gözlənilən yeni “soyuq savaş” ATƏT Minsk Qrupunun dirçəldilmə şansını tam sıfırlayacaq. Bizim ekspertlər necə düşünür, belə bir qənaəti əminliklə söyləmək olarmı?
Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu həmsədri kimi fəaliyyətində illər boyu tərəfkeşliyi ilə seçilib. 10 noyabrda imzalanan üçtərəfli sazişdən və bu prosesdən kənarda qalan həmsədr Fransa Azərbaycanın böyük qələbəsini həzm edə bilmir. ABŞ da vaxtaşırı səfirlərinin ağzı ilə ermənipərəst mövqe sərgiləyir. Bu məsələdə Rusiya Türkiyə ilə daha çox danışmağa üstünlük verir, nəinki həmsədr ölkələrlə. Hazırda isə Rusiyanın Ukraynaya hücumu bütün bağları qopardı və Minsk Qrupu formatında toplanıb danışmağa yer qoymadı. 30 ilə yaxın idi ki, Ermənistanın işğal altında saxladığı tarixi torpaqlarımızı danışıqlar yolu ilə qaytaracağına dair müxtəlif vədlər verilirdi. Bu istiqamətdə haqlı olaraq ən çox tənqid edilən münaqişənin həlli ilə “məşğul” olan ATƏT-in Minsk Qrupu idi. Minsk Qrupunun, həmsədrlərin fəaliyyətsizliyi göz önündədir. İndiyədək münaqişənin həll edilməsi üçün heç nə ilə yadda qalmadılar.
![]()
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov Minsk Qrupunun gələcəyini görmür. Analitikin “Yeni Müsavat”a bildirdiyinə görə, həmsədr ölkələrdən birinin prezidenti digərini qatil adlandırıb: “İndi də Ukraynada gedən müharibəyə görə Fransa və ABŞ-ın Rusiya ilə münasibətləri korlanıb. Bundan sonra onların Minsk Qrupunda birgə fəaliyyəti mümkün görünmür. Düşünmürəm ki, bir araya gələrək danışıqlar aparılsın, Azərbaycan-Ermənistan arasında məsələlərin həlli ilə bağlı həmsədrlər ortaq fikrə gəlsinlər”.

