Ukraynada olan jurnalist: “Kiyevlə yanaşı, Odessa da bombardman edilir” – VİDEO
Ukrayna vətəndaşı, əslən Krım tatarı olan jurnalist Gülsüm Xəlilova özünün “Twitter” səhifəsindən izləyicilərinə təkrar müraciət ünvanlayıb.
Jurnalist qeyd edib ki, hazırda Kiyevdədir və şəhər aramsız artilleriya hücumuna məruz qalıb:
“Biz Kiyevdəyik, bu gecə də ölmədik. Bu gecə saxtakar mədəni dünya yatarkən, bizi Moskva çarı və Leninin nəvələri bombaladı. Çoxsaylı ölü və yaralı var. Kiyevlə yanaşı Odessa da bombardman edilir”.
Jurnalist şəhərlərin necə gəldi bombardman edildiyini də bildirib:
“Bu rus çarının yeni siyasətidir. Beləliklə ərazilər boşaldılır və rus əsgərləri şəhərə rahat daxil ola bilirlər”.
O qeyd edib ki, göndərilən gözəl mesajlar onlara güc verir:
“Kaş dünyanı Hitlerlər, Leninlər, çarlar deyil, biz, kasıb xalqlar idarə etsəydik. Hər şeyə rəğmən çarın mediasının yaydığı dezinformasiyalara inanmayın. Qəbul edirəm arada güc və əsgər fərqi var amma Ukrayna xalqı mübarizə aparır. Bizim gücümüz silahımızdan deyil, haqlı olduğumuzdan qaynaqlanır”.
Jurnalist son olaraq bütün dünyaya səslənib:
“Ruslar qadınları, şəhərləri bombalayır. Oradasınız? Sıra sizin şəhərə gəlmədən səsimizə səs verin”.

