Gənc könüllülər “Xocalıya ədalət!” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriblər – FOTO
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan könüllülər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçiriblər.
Azərbaycan könüllüləri soyqırımı qurbanlarının yad edilməsi, faciənin beynəlxalq birlik tərəfindən layiq olduğu siyasi-hüquqi qiyməti alması istiqamətində vətəndaşlar arasında təbliği və şəhərimizin qonaqlarının Ermənistanın təcavüzkar siyasətinin mahiyyətini açan insanlığa qarşı cinayət haqqında məlumatlandırılması məqsədilə şəhərin müxtəlif ərazilərində sakinlərə bukletlər paylayıblar.
“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində hazırlanmış bukletlər şəhərin mərkəzi küçələrində, Fəvvarələr meydanı, Xəqani bağı, Sahil bağı, Sahil və Gənclik metrolarının qarşısı, ASAN Xidmət Mərkəzləri və DOST Mərkəzlərində paylanılıb.
Turistlərin və ölkəmizə səfər edən xarici ölkə vətəndaşlarının Xocalı soyqırımı həqiqətləri ilə tanış edilməsi üçün bu kampaniya könüllülər tərəfindən Bakı Baş Gömrük İdarəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu, mədəni-tarixi məkanlar və digər turizm mərkəzlərində də davam etdirilib.
Fevralın 26-da Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə müxtəlif qurumları təmsil edən könüllülər Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə “Ana harayı” abidəsinə yürüş təşkil ediblər.
Qeyd edək ki, Azərbaycan könüllüləri “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində sosial şəbəkələrdə aparılan təbliğatda aktiv iştirak ediblər. Azərbaycan Könüllü Təşkilatları İttifaqı Xocalı soyqırımının tanıdılması, ölkə gəncləri arasında davamlı təbliğ edilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
Xocalı soyqırımı ilə bağlı məlumatları istifadə edən zaman “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının rəsmi veb-saytına (https://justiceforkhojaly.org/) istinad etməyiniz tövsiyə olunur.
Bununla yanaşı, Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə foto və press-relizi, həmçinin tədbirin keçirilməsinə lazimi dəstək ilə bağlı müraciəti info@justiceforkhojaly.org elektron poçt ünvanına göndərə bilərsiniz.

