FHN: “112”yə daxil olan zənglərin 80 faizə qədəri əsassız olur
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə gündə 6-7 min çağırış zəngi daxil olur.
ARANTV.AZ xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Çevik Xidmət Mərkəzinə təşkil olunan media-tur zamanı nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini, polkovnik-leytenant Əsmər Salamova deyib.
Rəis müavini bildirib ki, “112”yə hər gün nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı, o cümlədən yanğından mühafizə, qəza-xilasetmə, axtarış-xilasetmə, digər xilasetmə tədbirləri ilə əlaqədar, həmçinin nazirliyin səlahiyyətlərinə aid olmayan çoxsaylı zənglər qəbul olunur: “Hər gün təqribən 6-7 min zəng qəbul edilir ki, bu da il ərzində 2 milyondan artıq zəng deməkdir”.
Ə.Salamovanın sözlərinə görə, aparılan təhlillərə görə, qəbul edilən zənglərin təqribən 15-20 faizi əsaslı, 80 faizə qədəri isə əsassız və yalan xarakterli olub.

