Saxlanılan şəxslərlə bağlı başçəkmələrin sayı açıqlanıb
2021-ci il ərzində Ombudsman və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraiti, rəftar məsələləri və daxil olmuş müraciətlərin, sənədləşmənin araşdırılması, habelə pandemiya şəraitində koronavirus infeksiyasının yayılması ilə bağlı görülən qabaqlayıcı tədbirlərin, mövcud sanitariya vəziyyətinin araşdırılması məqsədilə 184 başçəkmə həyata keçirilib.
ARANTV.AZ xəbər verir ki, bu, Parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrinə 59, Daxili İşlər Nazirliyinin tabeliyində olan müəssisələrə 53, Təhsil Nazirliyinin müəssisələrinə 33, Səhiyyə Nazirliyinin müəssisələrinə 14, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəssisələrinə 6, Dövlət Təhlükəsizliyi Xidmətinin müəssisələrinə 4, Dövlət Miqrasiya Xidmətinin müəssisələrinə 2, yerli icra hakimiyyətlərinin tabeli müəssisələrinə 11, həmçinin QHT-lərin tabeliyindəki 2 müəssisəyə başçəkmə həyata keçirilib.
Başçəkmələr zamanı 1334 saxlanılan şəxs fərdi qəbul edilib, hüquqlarının təmini vəziyyəti araşdırılıb, qaldırdıqları məsələlər dinlənilib, müxtəlif müraciətləri təmin edilib. Bununla yanaşı, Ombudsmana ünvanlanan müraciətlərin həlli istiqamətində tədbirlər görülüb, aşkar edilmiş çatışmazlıqlar müvafiq müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb, yerində həll edilməsi mümkün olan müraciətlər elə başçəkmə çərçivəsində təmin edilib.
Müşahidə edilmiş digər nöqsanlarla bağlı müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciətlər ünvanlanıb, növbəti başçəkmələrə kimi problemlərin aradan qaldırılmasına yönəlmiş tədbirlər görülməsi üçün zəruri təklif və tövsiyələr verilib.

