Gündəm 

Azərbaycan “ədalətsiz vaksin bölgüsü”nə qarşı çıxan nadir ölkələrdəndir

Bu gün dünya ölkələrini narahat edən ən böyük problem koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və bunun üçün uğurlu şəkildə vaksinasiya prosesini həyata keçirməkdir. Dünyada COVID-19 pandemiyasının yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan dövləti əhəmiyyətli və sistemli tədbirlər görərək virusun ölkə ərazisində sürətlə yayılmasının qarşısını nəzərəçarpacaq dərəcədə aldı və hazırda ölkəmizdə virusa yoluxanların, onun qurbanına çevrilənlərin sayı dünya statistikasının çox aşağısındadır. Dünyanın üz-üzə qaldığı, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi bu virusun fəsadları ilə indiyə qədər ən ciddi mübarizə aparan ölkələr sırasında Azərbaycanın adı daim müsbət mənada fərqlənməkdədir. Azərbaycanın koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməsi, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoyması bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır.

Azərbaycan bütün bunlarla yanaşı, ardıcıl olaraq dünyada peyvəndlərin ədalətsiz bölgüsünə qarşı etiraz səsini ucaldır. Zəngin ölkələr sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. İnkişaf etmiş bəzi ölkələrin vaksinlərin bölgüsü ilə bağlı addımları bərabərlik, insan haqları, demokratiya kimi prinsiplərlə bir araya sığmır. Ölkəmizin başçısı fevralın 25-də BMT Baş Assambleyasının “Universal peyvəndləmə üçün səylərin artırılması” mövzusunda keçirilmiş müzakirələrində Qoşulmama Hərəkatının sədri kimi sözügedən məsələni bir daha dünya ölkələrinin liderlərinə çatdırmışdır.

Ümumiyyətlə, Azərbaycan ilk günlərdən pandemiyaya qarşı mübarizədə aktiv iştirak edir və müxtəlif beynəlxalq platformalarda dövlətləri birliyə çağırır. Ölkəmiz Pandemiya dövründə müsbət məqamlarla seçildi, koronavirusla mübarizənin “Azərbaycan modeli”ni yaratdı. Bu mənada Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri və digər beynəlxalq səhiyyə qurumlarının müsbət rəyləri, Azərbaycanın başqa ölkələrə nümunə göstərilməsi pandemiya ilə mübarizədə uğurlarımızı şərtləndirən amillərdir. Azərbaycan beynəlxalq aləmdə həm də ona görə alqışlandı ki, pandemiya dövründə dövlətimiz yalnız öz vətəndaşları qarşısında deyil, beynəlxalq tərəfdaşlar qarşısında da diqqətli və məsuliyyətli addımlar atdı. Bu gün Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən dövlət kimi önə çıxır. Azərbaycan hökuməti bütün platformalarda pandemiya problemini beynəlxalq müzakirəyə çıxarmaqla öz təklif və ideyalarını ortaya qoyurdu. Təbii ki, bütün bunlar ölkənin diplomatik uğurları və qlobal dünyadakı çəkisinin, eləcə də nüfuzunun göstəricisidir. Azərbaycan, eyni zamanda qlobal müstəvidə pandemiya ilə mübarizə tədbirlərinin əsas iştirakçısı rolunda çıxış etməkdədir.

Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

Daha çox xəbərlər