Gündəm 

Azərbaycan Türkiyə və Rusiyanın müttəfiqidir

44 günlük Vətən müharibəsində qazandığımız Qələbə torpaqlarımızın ərazi bütövlüyünü təmin etməklə yanaşı yeni reallıqlar, yeni münasibətlər, yeni əməkdaşlıqlar üçün geniş imkanlar yaratdı. Qalib ölkə olaraq Azərbaycana olan müsbət maraqlar çoxaldı. Ölkə başçısı cənab İlham Əliyevin apardığı mükəmməl xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu və diplomatik uğurları dayanmadan artmaqdadır. Yeni münasibətlər sistemində Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik müstəvisinə yüksəlməsi xüsusi əhəmiyyət kəsb edir. Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteriuzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlərin qurulmasından 30 il keçdikdən sonra onlar müttəfiqlik səviyyəsinə çatıb.

Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.

Bu gün Azərbaycanda rusdilli təhsilə böyük maraq var. Çünki, Rus dilində təhsilin qorunması düşünülmüş siyasətdir. Rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olmalıdır. Rus sektoruna məktəblərdə tələbat çoxdur. 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.

Azərbaycana gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər görülür. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub, onlar, ilk növbədə, ona görə gedirlər ki, özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu.

Torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində yaranan yeni mühit dərin tarixi köklərə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinə də yeni tohfə verdi. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq – bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib.

Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir. Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz. Sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır.

Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır.

Hazırda işğaldan azad edilmiş digər ərazilər kimi Füzuli rayonu ərazisində də geniş bərpa quruculuq və tikinti işləri aparılır. Rayonumuzun ərazisində iri infrstruktur layihələrin icrası, eləcə də avtomobol və dəmir yollarının çəkilişi sürətlə davam edir. Sevindirici haldır ki, bu işlərin ən sürətli getdiyi ərazilərdən biri də məhz bizim rayonumuzdur. Artıq Füzuli şəhərinin baş planı hazırdır. Cəmi 8 aya Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Rayonumuzun ərazisində müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulur. Böyük strateji əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam edir. Ərazinin enerji təminatı və enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malik Füzuli yarımstansiyası artıq fəaliyyətdədir.

Müharibənin bitməsindən cəmi bir ildən bir qədər artıq müddət keçməsinə baxmayaraq, bu qədər işlərin görülməsi dövlətimizin iqtisadi gücünün göstəricisidir.

Eyni zamanda bütün bu işlərin həyata keçirilməsi ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində reallığa çevrilir. Əminik ki, Prezident İlham Əlyevin rəhbərliyi ilə ölkəmizin həm regionda, həm də dünya miqyasında nüfuzu daha da artacaq və gələcək əməkdaşlıqlar üçün yeni-yeni imkanlar yaranacaqdır.

Nazimə Şamıyeva,

Füzuli rayon M.Xəzani adına müsiqi təmayüllü internat tipli gimnaziyanın direktoru

Daha çox xəbərlər