Cəmiyyət 

Azərbaycanda ilk dəfə keçilərin 50 faiz güzəştlə sığortası başlayıb

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə keçilərin sığortasına başlanılıb.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2021-ci il 21 dekabr tarixli qərarı ilə sığorta olunan heyvan növlərinin sırasına keçilər də əlavə edilib.

Qaydalara əsasən 11-ci gündən 5 yaşa qədər keçilər sığorta edilə bilər. Sığorta ilə həm xaricdən gətirilən cins, həm də yerli heyvanları sığortalamaq mümkündür.

Qeyd edək ki, hazırda Azərbaycanda 605 min baş keçi var. Bunların bir hissəsi fermer təsərrüfatlarında, əksər hissəsi isə şəxsi təsərrüfatlarda saxlanılır. Aqrar sığorta qaydalarına əsasən, sığortalanan keçilər peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalıdır.

Aqrar sığorta vasitəsilə heyvanlar aşağıdakı risklərdən sığortalanır:

– yoluxucu xəstəliklər;

– ilan və ya həşarat sancması;

– zəhərli otlar və ya yemlərdən zəhərlənmə;

– kimyəvi maddələrin təsirindən zəhərlənmə;

– təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma (donvurma) və normadan artıq yağan qar yağıntıları);

– yanğın;

– vəhşi heyvanların hücumu;

– üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən,

– heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü.

Keçilərin sığortası üzrə sığorta tarifi heyvanın qiymətinin 7 faizini təşkil edir. Üstəlik, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Sığorta hadisəsi baş verdikdə, 10 faiz azadolma məbləği tətbiq edilir.

Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, keçilərin sığortası zamanı da fermerlər sığorta haqqının yalnız yarısını ödəyir, pulunu qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.

Misal: Qiyməti 400 manat olan keçinin sığortası

10 faizlik azadolma halında sığorta haqqı 28 manat (400 x 7,0 faiz) təşkil edir. Bu məbləğin yarısını – 14 manatını fermer, qalan yarısını isə dövlət ödəyir. Sığorta hadisəsi baş verdikdə qoyunun sahibinə onun qiymətinin 90 faizi – 360 manat ödənilir.

Qaydalara əsasən, keçilərin sığortası müqaviləsi daha uzun müddətə bağlandıqda sığorta tarifləri azalır. Bundan başqa, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.

Daha çox xəbərlər