Ağrım-uğrum tökülsün, Oda düşüb kül olsun…VİDEO
Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Bu gün ölkəmizdə ikinci, yəni Od çərşənbəsi qeyd olunur. Buna bəzən xalq arasında Ocaq çərşənbəsi də deyirlər.
ARANTV.AZ xəbər verir ki, inanclara görə, Od çərşənbəsində qalanan böyük tonqal yazın gəlişini, havaların isinməsini göstərir. Od çərşənbəsində qazanlar qaynamalı, insanların süfrələri boş qalmamalıdır.
Bu çərşənbədə odun şəninə şənliklər də təşkil edilir.
Tonqal haqqında ümumi məlumatlara “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlmək mümkündür. Burada tonqala münasibət və onun müqəddəsliyi haqqında danışılır. Deməli, hələ qədim zamanlardan Azərbaycanda od müqəddəs hesab olunub. Xalqın həm şad, həm də kədərli günündə tonqal köməyə gəlib, müjdəçi, carçı rolunu oynayıb.
Od çərşənbəsinə və oda aid bir çox atalar sözləri və məsəllər də vardır: “Odu su ilə söndürmək olmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar” və s.
Novruzaqədərki hər bir çərşənbə axşamı tonqal qalanır, insanlar tonqalın üstündən tullanır. Çərşənbələrdə və Novruz bayramında tonqalqalama xüsusi mərasim sayılır. Hər həyətdə böyük tonqal qalanır, insanlar onun ətrafına yığışır və şənlənir, üstündən tullanıb deyirlər:
Ağırlığım, uğurluğum odlara,
Tonqaldan atlanmayan yadlara.
Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.
Od çərşənbəniz mübarək!





