Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüsləri böyük rəğbətlə qarşılanır
COVİD-19 virusu dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini, siyasətçiləri və iqtisadiyyatı sınağa çəkir. Virus təhlükəsi hər bir dövlətin ümummilli işinə çevrilib. Beynəlxalq ictimai rəydə pandemiyanın yaranması, yayılma dinamikası, sosial səhiyyə sistemlərinin virus dalğasına tab gətirə bilməsi üçün necə davranması, alimlərin vaksinlər üzərində necə işləmələri, proseslərin qlobal biznesə və dünya iqtisadiyyatına necə ziyan vurması həssaslıqla izlənilir.
2020-ci il dünya dövlətləri öz fəaliyyətlərini pandemiya ilə mübarizəyə həsr etmək məcburiyyətində qaldılar. Elə Azərbaycan da ilk gündən etibarən bu prosesi yaxından izlədi və demək olar ki, pandemiya dönəmini ən az itki ilə arxada qoya bilən dövlətlərdən biri olmaqdadır. Hətta ölkəmizin pandemiya ilə mübarizədə göstərdiyi səylər və həyata keçirdiyi siyasət əksər beynəlxalq təşkilatlar və bir sıra aparıcı dövlətlər tərəfindən müsbət qiymətləndirildi. Həmçinin Azərbaycanın bu istiqamətdəki addımları nümunəvi addım olaraq qəbul edildi.
BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda 25 fevral tarixində keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışı bir çox məqamlara aydınlıq gətirdi. Hər zaman olduğu kimi dolğun və konkret olaraq fikirlərini bütün dünyaya çatdıran dövlət başçısı ilk növbədə dünyada tuğyan edən pandemiya bəlasından və dövlətimizin bu virusa qarşı aldığı tədbirlərdən danışmışdır. Qoşulmama Hərəkatının sədri kimi cənab İlham Əliyev pandemiya şəraitində qlobal problemlərdən biri olan bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi məsələsinə toxunub.
Ümumiyyətlə, COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan təcrübəsi dünyada örnək təşkil edir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq. Dünayda gedən vaksinləşmə prosessinə toxunan cənab İlham Əliyev narahatlığını bildirərək vaksinləşmənin ədalətsiz aparılmasını, “varlı-kasıb” prinsipinə uyğun olaraq həyata keçirildiyini qeyd etdi. Bir çox kasıb dövlətlərin bu gün vaksinləşmədə çətinlik çəkdiyini və bunun gələcəkdə qlobal problem doğuracağını iclas iştirakçılarına aydın şəkildə çatdıran ölkə başçısı bu problemin həllində BMT-nin əsas söz sahibi olduğunu bildirdi.
Azərbaycan özünün milli maraqlar üzərində qurulan siyasətini daim qlobal miqyasda meydana çıxan aktual çağırışlarla əlaqələndirir. Bu baxımdan ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər də təqdirəlayiqdir. Əlamətdar haldır ki, Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb. Məsuliyyətli dövlət olan Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verdi.
Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmişdir. Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoymuşdur. Ölkəmizin pandemiya ilə mübarizə məqsədi ilə təklifləri nəzərə alınır. Azərbaycanın təşəbbüsü ilə bir neçə dəfə videokonfrans formatında beynəlxalq tədbirlərin keçirilməsi göstərdi ki, ölkəmiz digər dövlətlərlə dostluq və əməkdaşlığa önəm verir.
Vüqar Nəsirov,
YAP Pirallahı Rayon təşkilatının məsul əməkdaşı

