Azərbaycanın iqtisadi gücü və siyasi nüfuzu artır
Dünya birliyində Azərbaycanın müsbət imicinin formalaşması müttəfiqləri ilə birmənalı mövqe nümayiş etdirməsindən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin xarici siyasət kursunun əsasını təşkil edən ardıcıllıq və birmənalı prinsiplərinə daim öz çıxışlarında toxunaraq, onları çox açıq və prinsipial siyasət adlandırıb. “Deyilən sözə, verilən vədə əməl etmək” Azərbaycanın müttəfiqləri ilə əməkdaşlığında əsas prinsipi olub. Heç bir gizli məqam olmayan və milli maraqlara söykənən xarici siyasətimizin bu prinsipi əməkdaşlığın möhkəmləndirilməsi üçün nəzərdə tutulur.
Qarşılıqlı əməkdaşlıq zamanı beynəlxalq qanunlara əməl olunması Azərbaycanı beynəlxalq aləmdəki etibarlı tərəfdaş kimi tanıtmışdır. Əsasən iqtisadi əlaqələr üzərində qurulan bu əməkdaşlıq prinsipləri Azərbaycanın enerji resurslarına digər dövlətlərin ehtiyacından irəli gəlir. Beynəlxalq enerji layihələrinin reallaşdırılması, təkcə region ölkələri deyil, Avropa dövlətlərinin də Azərbaycan neftinə və qazına olan tələbatı Azərbaycanın dünyada liderlik qabiliyyətini artırır. Düzgün aparılan xarici iqtisadi-siyasət kursumuz nəticəsində Azərbaycan dünya birliyi tərəfindən Cənubi Qafqazın ən güclü dövləti kimi qəbul edilib. Qonşu dövlətlərlə qarşılıqlı anlaşma əsasında qurulan Azərbaycanın xarici siyasət kursu ölkəmiz üçün iqtisadi inkişafı ilə yanaşı təhlükəsizlik baxımından mühüm rol oynayır. Xüsusilə, dünyanın ən güclü dövlətlərindən olan və iqtisadi dövriyyəyə görə Azərbaycan üçün birinci olan Rusiya ilə münasibətlərin dostluq və əməkdaşlıq əsasında qurulması hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir. Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsi dövründə Rusiyanın neytral mövqe tutaraq strateji tərəfdaşı olan Ermənistana hərbi yardım göstərməməsi və Rusiya prezidentinin “Qarabağ Azərbaycanın tərkib hissəsidir” ifadəsi qələbənin əldə olunmasında mühüm rol oynayan diplomatik münasibətlərdə Azərbaycana üstünlük verdi.
2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” imzaladıqları Bəyannamə tarixən iki dövlət və xalq arasında olan münasibətlərin inkişafı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə qonşu ölkələr arasında münasibətlərin inkişafından ətraflı danışmışdır. Beynəlxalq əlaqələrin reallaşdırılması yeni layihələrin, xüsusilə, nəqliyyat dəhlizlərinin artırılması istiqamətində geniş imkanlar açır. Xarici və daxili siyasətimizin özəyi iqtisadi inkişaf və bu inkişaf nəticəsində Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılmasıdır. Azərbaycanın çox şaxəli xarici siyasət kursundan danışarkən qeyd etmək lazımdır ki, ölkəmiz bütün beynəlxalq qurum və təşkilatlarla qarşılıqlı anlaşma şəraitində münasibətlərin qurulması və inkişafında maraqlıdır.
Azərbaycanın Türkiyə ilə əlaqələrindən danışarkən danışarkən hər bir zaman xalqımıza və dövlətimizə öz mənəvi və siyasi dəstəyini əsirgəməyən qardaş Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, hərbi əməkdaşlığın önəmini vurğulamaq lazımdır. 44 gün davam edən və tarixi Zəfər Qələbəsi ilə başa çatan Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında olması mesajı ilə xalqımıza və dövlətimizə qarşı təzyiq və təhdidlər göstərən ermənipərəst dövlətlərə və beynəlxalq təşkilatlara ös siyasi gücünü nümayiş etdirən Türkiyə Qələbənin qazanılmasında maneçilik törətmək, əngəlliklər yaratmaq istəyən qüvvələrin qarşısını qətiyyətlə aldı.
Azərbaycanın iqtisadi və siyasi nüfuzu gücləndikcə regionda və dünyadakı nüfuzu daha da artacaqdır. Xalqımızın çoxəsrlik tarixində yeni səhifənin açılması dövlətimizin Qafqazın ən lider ölkəsinə çevrilməsi gündən-günə artan qüdrətimizdən xəbər verir. Bunların hamısı düşünülmüş uzaqgörən və praqmatik daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur. İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizlənərək yenidən gülüstana çevriləcəkdir. Şəhərlərin, qəsəbələrin, kəndlərin abadlaşdırılması,”yaşıl enerji zolaqlarının” salınması Qarabağımızın əvvəlki şöhrətini yenidən özünə qaytaracaqdır. Regionda sülhün və təhlükəsizliyin qorunması üçün bütün səylər səfərbər olunmalı, Ermənistan mina xəritələrinin Azərbaycana təhvil verilməsini ləngitməməli və Azərbaycan ərazisinin sərhədləri çərçivəsində sülhə imza atmalıdır. Azərbaycan öz sülhsevər siyasəti ilə hər zaman istər regionda, istərsə də dünyada ən lider ölkəldir. Rusiya və Türkiyə kimi böyük dövlətlərlə müttəfiqlik ölkəmizə çox böyük töhfələr verəcəkdir.

Samir Hüseynov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri

