Əsas səhifə 

Biz zamanı qabaqlamalıyıq

Azərbaycanın dünyaya açıq, özünə qapanmayan, ən mütərəqqi texnologiyaları gətirən və  tətbiq edən ölkə olduğunu xüsusi qeyd edən dövlət başçısı İlham Əliyev bildirir ki, Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq

Müasir dövrün əsas çağırışları sırasında texnologiyaların inkişafı və tətbiqi əsas yer tutur. Azərbaycanın bütün sahələrdə  təcrübəsinin nümunə olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlət başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərkən bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə diqqət yetirsək görərik ki, onları inkişaf etdirən elmdir, bilikdir, savaddır, yeni texnologiyalardır. Son 18 ildə Azərbaycanın bu istiqamətdə atdığı addımların uğurlu nəticələri göz önündədir.  Azərbaycan bu gün kosmik klubun fəal üzvüdür və  üç peyki ilə kosmik klubda təmsil olunur. Ölkə  Prezidenti bu mühüm məqamı da xüsusi qeyd edir ki,  2023-cü ildə paytaxtımızda keçiriləcək Beynəlxalq Astronavtika  Konqresi ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlavə imkanlar yaradacaq.

Bu  Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır. 2019-cu ildə  Beynəlxalq Astronavtika Federasiyasının  Baş Assambleyasında keçirilən    seçkilərdə kosmos ailəsinin üzvü olan Azərbaycanın 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi qərara alınmışdır.  Konqres iştirakçılarına videomüraciətində  Azərbaycana göstərilən bu etimad üçün minnətdarlığını bildirən Prezident İlham Əliyev kosmik sənayenin inkişafı istiqamətində böyük uğurlar qazanan ölkəmizin nailiyyətlərini də diqqətə çatdırmışdır.

Həmin  seçimdə Bakı ilə bərabər, daha üç böyük şəhər – Rio-de-Janeyro, Sinqapur və Dehli şəhərləri namizədliyini irəli sürmüşdü. Bu çətin yarışda Azərbaycan qalib gəldi.  Bu etimad beynəlxalq aləmdə  böyük nüfuz qazanan Azərbaycana hörmətin ifadəsidir. Təcrübə göstərir ki,   heç  bir təbii  sərvətə malik olmayan elə ölkələr vardır ki, yalnız İKT-nin inkişafı ilə  dünya birliyində tanınır. Azərbaycan isə təbii zənginlikləri,  eyni zamanda, kosmik ailənin üzvü  olmaqla da böyük nüfuz qazanıb.    Bir məqamı da diqqətə çatdıraq ki,  Sovet İttifaqında ilk və yeganə  Konqres də  ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə,  İttifaqın tərkibində olan Azərbaycanda keçirilmişdir. Uzun illərdən sonra – 2023-cü ildə  Azərbaycanın ikinci dəfə belə mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi müstəqilliyimizin tarixi nailiyyətlərindəndir.  Prezident İlham Əliyevin vurğuladığı kimi,   paytaxtımızın  ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyinin  rəmzi mənası var: « Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın Konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə – lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək… Bu gün Azərbaycan kosmik klubun üzvüdür və  3 peyki ilə  öz fəaliyyətini davam etdirir.» Müstəqillik dövründə  möhtəşəm inkişafa nail olan, beynəlxalq arenada böyük nüfuz qazanan,  təbii  sərvətlərini  insan kapitalına çevirən Azərbaycanda kosmik sənayenin inkişafı naminə qarşıdakı illər  üçün də fəaliyyət proqramları hazırlanıb.  Ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişafı istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb.  Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ölkəmizin İKT sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdimatı olacaq. Bu tədbir xalqımızın yüksək intellektual səviyyəsinin, texniki potensialının  bütün dünyaya nümayiş etdirilməsi baxımından da zəruridir. Azərbaycanda  informasiya-kommunikasiya texnologiyalarının tətbiqini əsas prioritet kimi qarşıya qoyan Prezident İlham Əliyevin imzaladığı «Azərbaycanda kosmik sənayenin yaradılması və  telekommunikasiya peyklərinin orbitə çıxarılması», «Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının  təsdiq edilməsi haqqında» Sərəncamlar, «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi,  Yerüstü Peyk- İdarəetmə Mərkəzinin yaradılması ölkədə kosmik sənayenin inkişafını sürətləndirdi. «Azərkosmos»  Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi  ilə  azsaylı kosmik ailənin üzvlərindən olan ölkəmizdə   «fəza elmi»nə diqqət artırıldı.  Azərbaycanı  orbitdə  təmsil edən,  Avropa, Afrika,  Mərkəzi Asiya,  Qafqaz ölkələrini əhatə edən «Azerspase-1», informasiya müstəqilliyini və təhlükəsizliyini təmin edən telekommunikasiya peyki, «Azersky» müşahidə peyki,  «Azerspase-2» kosmik sənayemizi inkişaf etdirməklə yanaşı, kommersiya  xarakterli, ölkəmizə sərmayə qazandıran önəmli layihədir.   «XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr  potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi, astronavtika sahəsində əldə  edilmiş uğurlar böyük biznesin dəstəyi ilə baş verir.

«Bu gün dünyanın inkişafı müasir texnologiyaların inkişafından  asılıdır. O ölkələr ki,  bu texnologiyaları  icad edir,  yaxud da ki,  onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır» söyləyən Prezident İlham Əliyev  Azərbaycanın iqtisadi qüdrətinin  güclənməsində xidmətləri olan informasiya texnologiyalarının inkişafına  xüsusi diqqətlə yanaşır. Qitələrarası əməkdaşlğı  möhkəmləndirən,  coğrafiyası genişlənən qlobal enerji, nəqliyyat  layihələrinin  reallaşmasında   təşəbbüskar kimi rolu artan Azərbaycanın  informasiya-kommunikasiya texnologiyaları sahəsində də    liderliyini qoruması XXI əsrin çağırışlarına cavabdır.
Cənab İlham Əliyevin təşəbbüsü ilə  yaradılan və dünyada analoqu olmayan layihə kimi maraq doğuran «ASAN xidmət», Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində, vergi və gömrük  orqanlarında, biznes sahəsində aparılan əməliyyatlar zamanı istifadə olunan texnologiyalar insanların həyat tərzini də  asanlaşdırır.  Hazırda ölkə iqtisadiyyatının 85 faizini təşkil edən qeyri-neft sektorunun inkişafında xidmətləri olan iş adamlarının sistemləşdirilməsi, «bir pəncərə»  sisteminin tətbiqi  İKT-nin   inkişafına göstərilən diqqətin nəticəsidir.

Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda  Bakı Ali Neft Məktəbində kimya mühəndisliyi ixtisasının sonuncu kurs tələbəsinin “Biz artıq Dördüncü Sənaye İnqilabı dövrünü yaşayırıq və yeni texnologiyalara, metodlara, innovasiyalara tələbat artır. Bəs Siz bu inqilab dövrünün çağırışları haqqında nə düşünürsünüz və mənim kimi, gənc sahibkar olmaq istəyən şəxslərə nə məsləhətlər verə bilərsiniz”  sualına cavabında dövlət başçısı İlham Əliyev bildirmişdir ki,  Dördüncü Sənaye İnqilabı artıq reallıqdır və biz geridə qalmamaq üçün bu istiqamətdə öz addımlarımızı atırıq: “Məncə artıq iki il oldu ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı. Yəni, o da təsadüfi deyil ki, nə üçün Davos Ümumdünya İqtisadi Forumu, – bu, bildiyiniz kimi, dünya miqyasında ən mötəbər, ən nüfuzlu forumdur və bu forumda dünyanın aparıcı ölkələrinin dövlət, hökumət başçıları iştirak edirlər. Yəni, onu bilməliyik ki, Davos səviyyəsində ikinci forum yoxdur – istər iqtisadi olsun, istər siyasi və bütün region üçün məhz Azərbaycan seçildi. Təkcə bir ölkə kimi yox, Cənubi Qafqaz və ətraf ölkələr üçün.” Cənab İlham Əliyev özlüyündə ortaya çıxan  “Nə üçün” sualına cavab olaraq onu da əlavə etmişdir ki, birinci ona görə ki, Azərbaycana  inam var. İkinci ona görə ki, Azərbaycan sabit ölkədir və Davos Forumunun hesabatlarında ölkəmiz  bir çox parametrlər üzrə həmişə qabaqcıl yerlərdədir. O cümlədən hökumətin islahatlara meyilliliyi indeksinə görə  birinci onluqdayıq: “Təsəvvür edin, dünya miqyasında bu parametrə görə birinci onluqda olmaq doğrudan da bir çox şeylərə aydınlıq gətirir. Artıq bu işlərə start verildi və bizim istəyimiz nədir? Əlbəttə ki, biz dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq, texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları, üsulları Azərbaycanda tətbiq etməliyik, müasirləşmə bu deməkdir. Bayaq qeyd etdiyim kimi, biz milli dəyərlər üzərində qurulmuş güclü dövlət, eyni zamanda, dünyaya açıq, özünə qapanmayan və ən mütərəqqi texnologiyaları və innovasiyaları gətirən və burada tətbiq edən ölkəyik. Yəni, biz buna çalışırıq, siyasətimiz budur.”

Onu da qeyd edək ki,  Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması ölkəmizə, eyni zamanda, geniş bir informasiya məkanına çıxış əldə etmək üçün köməklik göstərəcək. Çünki dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Cənab İlham Əliyev bildirir ki, prinsip etibarilə Azərbaycan  özünü texnologiyaları tətbiq edən ölkə kimi görür. Azərbaycan Dördüncü Sənaye İnqilabına uyğunlaşmalıdır. Müharibə şəraitindəyik,  daim inkişafda olmalı və daim güclü olmalıyıq. Güc isə tərəqqi ilə bağlıdır.

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi, təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Dövlət başçısı İlham Əliyevin pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, videoformatda görüşlərin keçirildiyi zamanlarda   Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının, “Signify, ”  “Microsoft”  və  CISCO şirkətlərinin rəhbərliyi ilə görüşlərdə Azərbaycanda texnoloji proseslər təqdir edildi.  Xatırlasaq, ölkə Prezidenti CISCO şirkətinin rəhbərliyi ilə videoformatda görüşü zamanı  bu əminliyi də ifadə etmişdir ki,  strateji tərəfdaşlıq bundan sonra da yalnız güclənəcək. Çünki bizim Azərbaycanın daha da müasirləşdirilməsi ilə bağlı gündəliyimiz, sizin isə texnologiyanız var.

Reallıq budur ki, bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. Azərbaycan İKT sahəsində təkcə region  deyil, həm də beynəlxalq aləm üçün əhəmiyyətli olan tədbirlərin fəal iştirakçısı və təşkilatçısıdır. Ölkəmizdə ənənəvi olaraq  hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmiş, ildən-ilə onun əhatə dairəsinin və iştirakçılarının tərkibinin genişlənməsi də deyilənlərin təsdiqidir. 2023-cü ildə dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması  da  bir daha  bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olacaq. İKT sektorunun tərəqqisini sürətləndirmək üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi, onların dövlət idarəçiliyində irəli çəkilməsi, gənclərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində atılan addımların davamlılığı da göz önündədir.  Cənab İlham Əliyev daim bildirir ki,  ölkənin iqtisadi tərəqqisi kadr hazırlığı ilə uzlaşmalıdır.

Bütün bu sadaladıqlarımızın fonunda belə bir ümumiləşdirməni apara bilərik ki,  gələcəklə bağlı düşüncələrimiz  bugünümüz üçün əsasdır.  Gələcəyin inkişaf istiqamətlərini müəyyənləşdirən sənaye inqilabları  həyatımızın bütün sahələrini əhatə etməyə başlayır. Dövlət başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam xüsusi yer tutur ki, keçmişlə yaşamaq yox, gələcəyə baxmaq lazımdır.   Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkə Prezidenti İlham Əliyev  “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda birmənalı şəkildə vurğulamışdır ki, Azərbaycan 4-cü Sənaye İnqilabında lider olmalıdır. Ölkə başçısı Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində forum ilə Azərbaycan arasında 4-cü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik.

Bu fikri də böyük əminliklə söyləyə bilərik ki, Dördüncü Sənaye İnqilabı ilə bir vaxtlar xəyal kimi görünən idealların reallaşma sürəti zamanı qabaqlayır. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında səsləndirdiyi bu çağırışı xatırlatmaq istərdik: «Biz  zamanı qabaqlamalıyıq.»

44 günlük Vətən müharibəsi, həmçinin postmünaqişə dövrünün əsas reallıqlarından olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri də Azərbaycanın malik olduğu  texnoloji imkanların təqdimatında əhəmiyyətli rol oynayır.  Azərbaycanın müharibə təcrübəsi beynəlxalq ekspertlər tərəfindən öyrənilir və dərsliklərə salınmasının zəruriliyi bildirilir. Bu gün işğaldan azad edilmiş bütün torpaqlar  «ağıllı şəhər» və «ağıllı kənd» strategiyası əsasında bərpa ediləcək. Müasir dövrün bütün yeniliklərinin bu ərazilərdə yaradılmasını qarşıya bir tələb kimi qoyan dövlət başçısı İlham Əliyev bütün bu işlərin hamısının özümüzün  maliyyə və texniki imkanlarımız hesabına həyata keçirildiyini önə çəkərək bildirir ki, Qarabağın bərpası ilə bağlı yeganə rəqibimiz zamandır.

Daha çox xəbərlər