Cəmiyyət 

Ölkəmizin qlobal nüfuzunun növbəti göstəricisi

Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir

Bu gün bütün dünyanı bürümüş bir çox iqtisadi və siyasi sarsıntıların fonunda COVID-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biri kimi öz aktuallığını saxlayır. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxır. Azərbaycan dövləti tərəfindən pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər ölkədə vəziyyəti nəzarət altında saxlamağa imkan verir. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər irəli sürülür, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Məhz  bu baxımdan BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksəksəviyyəli tematik müzakirələr əsasında təşkil olunmuş tədbir də xüsusi diqqət çəkir. Tədbirdə Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatına üzv dövlətlər adın­dan təqdim olunan videoformatda çıxışı COVID-19 ilə qlobal mübarizə, onun nəzarətdə saxlanılması, virusun yayılmasının qarşısının alınması, eyni zamanda, kasıb ölkələrə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamen­tal rola malik olması baxımından mühüm önəm daşıyır. Eyni zamanda da BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və bu qurumun sədri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsən bu məsələlərlə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük əhəmiyyət kəsb edir.

Qoşulmama Hərəkatı pandemiyanın yayılmağa başladığı vaxtdan onunla mübarizənin aparılması kontekstində, eləcə də multilateralizm, əməkdaşlıq və həmrəylik ruhunda bir sıra təşəbbüslərə yol açıb. Bu yöndə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr də məhz Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində ÜST-ə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir.

Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkələrdən biri, bəlkə də birincisidir. Prezident İlham Əliyev daim vaksinlərin ədalətsiz bölgüsünə qarşı qlobal səviyyədə çıxış edib. Həmçinin BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərə bərabər və universal çıxış və peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs də məhz dövlətimizin başçısına məxsusdur. Fevralın 25-də BMT Baş Assambleyasının tematik müzakirələrindəki çıxışında da Prezident İlham Əliyev bildirdi ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Dövlətimizin başçısı bu dəfə də konkret təkliflər irəli sürərək bildirdi ki, COVID-19 pandemiyası ilə effektiv mübarizəni təmin edə bilmək üçün bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələri vacibdir.

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsini və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsini vacib hesab edib. Bildirib ki, buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də əlavə olunmalıdır: “Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və ortagəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik. Bu kontekstdə biz bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bundan əlavə, BMT sülhməramlılarının mürəkkəb vəziyyətlə üzləşdiyini nəzərə alaraq, BMT-nin sülhməramlı əməliyyatlarına COVID-19 əleyhinə peyvənd ianə edən ölkələrin səylərini alqışlayırıq”.

Cənab İlham Əliyev Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirdiyini diqqətə çatdırıb. Respublikamızda peyvəndlənmə kampaniyasına ötən ilin yanvarında başlanıldığını, artıq yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozasının vurulduğunu açıqlayan dövlətimizin başçısı deyib ki, COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb.

Prezident İlham Əliyev Azərbaycanın pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış etdiyini də bildirib: “Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, biz 5 ölkəyə peyvənd ianəsi etmişik və bu iş davam etdiriləcək. Hazırda biz Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesindəyik”.

Göründüyü kimi, bu gün də Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir. COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan  təcrübəsi  dünyada örnək təşkil edir. Bu, bir daha sübut edir ki, Prezident İlham Əliyevin pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmişdir. Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr qoymuşdur. Əlamətdar haldır ki, Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb. Məsuliyyətli dövlət olan Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verməkdədir. Azərbaycanın təşəbbüsü ilə bir neçə dəfə videokonfrans formatında beynəlxalq tədbirlərin keçirilməsi göstərdi ki, ölkəmiz digər dövlətlərlə dostluq və əməkdaşlığa önəm verir. Təbii ki, bütün bunlar ölkənin diplomatik uğurları və qlobal dünyadakı çəkisinin, eləcə də nüfuzunun göstəricisidir.

Ümid edirik ki, dövlətimizin koronavirusla mübarizə çərçivəsində həyata keçirdiyi effektiv siyasət  və vətəndaşlarımızın məsuliyyətli davranışı nəticəsində  tezliklə koronavirus bəlasından qurtulacağıq.

Daha çox xəbərlər