Cəmiyyət 

Təhsil sektoru: Yeni Dövlət Proqramı nə vəd edir?

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Dövlət Proqramının icrası zamanı yeni dövrün prioritet ixtisas sahələrinə üstünlük veriləcək. Məsələn, informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, təhsil, dövlət idarəetməsi, ictimai səhiyyə, iqtisadiyyat və s. Nəzərdə tutulan müddətdə hər il 400 nəfərdən çox olmamaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin ediləcək. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Qeyd edək ki, xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə qayda hazırlanacaq. Beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək.

Sənəddə o da qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək. Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq.

Təsadüfi deyil ki, ötən illər ərzində respublika­mızda insan kapitalının inkişafı ilə bağlı bir sıra dövlət strategiyaları və  proqramları reallaşdırılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiqlənən “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respub­likası vətəndaşlarının dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə, ümumilikdə, 3558 təqaüd verilib. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində gənclərin xaricdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşması­na, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə mühüm təsir göstərib.

Prezident İlham Əliyevin 11 no­yabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi də ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət Proqramı çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanı­lıb. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və “ADA” Univer­siteti, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Univer­siteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universite­tinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar üzrə yerli ali təhsil müəssisələrinin akademik po­tensialının gücləndirilməsi məqsədilə 127 nəfər Azərbaycan vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir.

Göründüyü kimi, Prezident İlham Əliyev insan amilinə xüsusi önəm verir. Belə ki, yeni proq­ramın icrası ölkəmizdə daha keyfiyyətli insan kapitalının formalaşmasına vəsilə olacaq. Bu, peşəkar kadrların hazırlanmasına, ümumilikdə, ölkəmizin işıqlı gələcəyinə töhfə verəcək ən mühüm məsələlərdən biridir.

Daha çox xəbərlər