Ukraynada yaşayan azərbaycanlı fermerin qəhrəmanlığı VİDEO
Rusiyanın Ukraynaya hücumunun 7-ci günü bitmək üzrədir.
Bu günlər ərzində Ukraynada yaşayan soydaşlarımız da əlindən gələn qədər yerli özünümüdafiə dəstələrinə yardım etməyə çalışıblar. Nikolayev şəhərində yaşayan Ağsaqqallar Şurasının sədri, deputat, 1994-cü ildə Azərbaycan diasporunun təməlini qoyan, fermer Kamran Həsənov da öz qəhrəmanlığı ilə Ukrayna ordusuna dəstəyini göstərib.
Ukrayna Azərbaycanlıları Radasının (UAR) icraçı direktoru Ceyhun Məmmədov Musavat.com-a K.Həsənovun qəhrəmanlığı haqqında ətraflı məlumat verdi: “Bu gün günorta radələrində Baştanka rayonunun Lotşina kəndindən rus hərbi kolonu keçdiyi zaman Ukrayna hərbi qüvvələri onların qarşısını aldı və darmadağın etdi. Texnika məhv olduqdan sonra hərbçilərin salamat qalanları meşəyə qaçdılar. Kamran Həsənov könüllü dəstəsi yaradaraq onların izinə düşdü. Axtarış nəticəsində iki tam silahlanmış əsgəri ələ keçirdi. Onlardan 2 “Kalaşnikov” avtomatı, snayper tüfəngi, RPG-18 “Muxa” qranatamyotu, hərəsində 8 maqazin patron götürülüb. Qoy Ukrayna ağsaqqalımızın, deputatımızın, fermerimizin necə fədakarlıq göstərdiyini görsün. Azərbaycanlılar da silaha sarılıb, asayişin keşiyində dururlar. Talançılarla mübarizədə gecələr keşik çəkirlər”.
![]()

