Dünya qan çanağı – körpələrin günahı nə?!
Rusiya-Ukrayna müharibəsi uşaqların ölümü ilə yadda qalır
Hazırda bütün dünyanın gözü Rusiya-Ukrayna müharibəsindədir. Burada mövqelər savaşı ilə yanaşı, insan itkisi də dünyanı sarsıdır. Xüsusən də müharibənin indiki anına qədər ölən uşaqların sayı… Müharibə artıq bir həftədir ki, davam edir və son durum aşağıdakı kimidir:
Moskvada əllərində “müharibəyə yox” şüarının yazıldığı plakatlar olan 7-11 yaşlı beş uşaq saxlanılıb. Uşaqlar Ukrayna səfirliyinin yaxınlığında saxlanılıb. Onlar valideynləri ilə bərabər gecəni polis bölməsində keçiriblər.
“Dünən 16 uşaq həlak oldu və prezident Putin yenə deyəcək ki, bu, xüsusi əməliyyatdır və biz hərbi infrastruktura zərbə endiririk”. Bunu ölkə prezidenti Volodimir Zelenski Avropa Parlamentində videokonfrans formatında çıxışı zamanı deyib. “Biz övladlarımızın yaşamasını arzulayırıq. Mənə elə gəlir ki, bu, ədalətlidir. Uşaqlarımız hanı? Onlar hansı hərbi zavodda işləyir, bəlkə onlar tanklarda gedirlər? 16 uşaq öldürmüsən”, – deyə Zelenski söyləyib.
O, həmçinin bu gün səhər Xarkovun mərkəzinin atəşə tutulmasından da danışıb: “Bu səhər bizim üçün faciəvi idi. Xarkova iki qanadlı raket atıldı. Bura Rusiya ilə sərhəddə yerləşir və burada həmişə çox sayda rusiyalı yaşayıb və onlarla çox isti münasibət var idi”.

26 fevralda yayılan məlumata görə, Ukraynada döyüş əməliyyatları başlayandan bugünədək qarşı tərəfin açdığı atəş nəticəsində 5 uşaq ölüb, daha 33 uşaq yaralanıb. Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova bildirib.
Denisovanın sözlərinə görə, gün ərzində Kiyev-Kovel-Yaqodin avtomobil yolunun dağılmış körpüsündən avtomobillərin uçması nəticəsində 8 yaşlı uşaq ölüb. Bundan başqa, Rusiya qoşunlarının Axtırka şəhərindəki “Solnışko” uşaq bağçasını atəşə tutması nəticəsində 1 uşaq ölüb.
Həmçinin, yeddi yaşlı uşaq güllə yaraları səbəbindən ağır vəziyyətdə Kiyevdəki Milli İxtisaslaşdırılmış Uşaq Oxmatdet Xəstəxanasına çatdırılıb. Uşaq ağır vəziyyətdə reanimasiyadadır. Eyni zamanda Donetsk vilayətinin Sartana qəsəbəsinə endirilən aviazərbə zamanı bir uşaq həlak olub.
“Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF), Qızıl Xaç Cəmiyyətindən Ukraynada müharibə vəziyyətində olan zərər çəkmiş uşaqlara və onların ailələrinə humanitar-tibbi yardım göstərməyi xahiş edirəm. Heç bir uşaq müharibənin qurbanı olmamalıdır”, – Denisova vurğulayıb.
BMT-nin məlumatına görə, 1945-1992-ci illərdə 149 müharibə şəraitində baş vermiş hadisədə 23 milyon insan (dinc sakin) öldürülüb. Son onilliklərdə 2 milyon uşaq öldürülüb; 4-5 milyon qaçqın düşüb, 4-5 milyon əlil olub, 12 milyon evsiz qalıb, 1 milyondan çox uşaq yetim qalıb və yaxud valideynindən ayrı yaşamalı olub, 10 milyon psixoloji travmaya məruz qalıb. Bu, illik orta göstəricilər üzrə 19-cu əsrdən 2 dəfə, 18-ci əsrdən 7 dəfə çox idi.
BMT-nin ötən il yaydığı məlumata görə, Əfqanıstan müharibəsinin mövcud olduğu 15 il müddətində 923 uşaq ölüb, 2589 nəfəri xəsarət alıb. Hətta bu ölkədə son illərdə təhlükəli yaşayış yerləri və minadan tam təmizlənməmiş ərazilərdə dinc sakinlərin, o cümlədən də uşaqların ölümü və ciddi xəsarət alması faktları baş verməkdədir. 2016-cı ildə xəsarət alanların sayı əvvəlki illə müqayisədə 6 faiz artıb.

“Bu bitməyən müharibə üzündən anaların, ataların, gələcəyimiz olan uşaqların zərər çəkməsini sona çatdırmaq vaxtıdır ” – deyə BMT-nin İnsan haqları üzrə baş komissarı Zeyd Raad al Huseyn bildirib.
“Ramallah nyus” qəzetinin yazdığına görə, 2016-cı ilin oktyabrında Əfqanıstanın Künduz şəhərində ölkənin hava qüvvələri talibançılardan şəhəri müdafiə edərkən iki vertolyot tərəfindən atılan raketlər bir nəfərin xüsusi evində dörd uşağını yaralayıb. Ən yaşlısı 17 yaşında olan bir uşaq ayağını itirib. “Mənim yazıq oğlum. Onun gələcəyi çox qaranlıq olacaq ”, – deyə uşağın atası Hakim bildirib. O, “Bu il ötən ildəkindən daha çox insan yaralanıb” – deyə qorxu və narahatlığını dünyaya eşitdirməyə çalışıb. Müharibə ocaqlarının döyüşlərdən sonra da təmizlənməmiş əraziləri təhlükə mənbəyi olaraq qalır.
“Ramallah Nyus”un Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən yazdığına görə, indiyədək döyüşlərdən qalan hərbi sursatlar səbəbindən 86% uşaq zərər görüb. Oynayarkan, yaxud satmaq məqsədilə dəmir toplayarkən 183 nəfər ölüb, 426 nəfər isə yaralanıb. 2016-cı ildə müharibənin başlanmasından 15 il keçən ərəfədə 100-ə yaxın ölkənin BMT Konvensiyasının müəyyən silahlar haqqında V protokolunu imzaladıqdan sonra Əfqanıstan hökuməti nəhayət ki, partlayıcı qalıqlarını aradan qaldırmaqla bağlı məcburiyyəti əks etdirən konvensiyanı ratifikasiya etdi.
Londondakı müstəqil Oksford Araşdırma Qrupuna görə, Suriyada 2011-ci ildən indiyədək 11420 uşaq öldürülüb. Suriyadakı uşaqların faciəsinə aid internetdə minlərlə video yerləşdirilib. Bu görüntülər və uşaqlarla söhbətlər ürək dağlayır. Gözlərinin qabağında raketlər partlayan balaca oğlanlar və qızlar kameraya danışır: “Bir hücum olduqda, məktəblərimizə cəsədləri gətirirlər və atam onları dəfn etməyə kömək edir”. Oksford Tədqiqat Qrupu Suriya ordusunun hücumlarından, silahlı hücumlardan ən çox uşaqların öldüyünü təsbit edir. Məlumatlara görə, uşaqlar snayperlər tərəfindən vurulmuş və edam edilərək öldürülmüşdür. İşgəncə ilə 112 ölüm hadisəsi qeydə alınıb.Suriyadakı münaqişədən qaçan 2 milyon insanın yarısından çoxu uşaqlardır.

