Səfirlik əməkdaşları arasında şahmat turnirinə start verilib
Bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus və səfirliklərin nümayəndələri arasında şahmat turnirinə start verilib. “İdman Həftəsi” çərçivəsində 2 gün davam edəcək yarışda Böyük Britaniya, Fransa, Bolqarıstan, Qətər, Venesuella və Hindistanın ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin əməkdaşları mübarizə aparırlar.
Yarışın açılış mərasimində Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək 5 Mart – Bədən Tərbiyəsi və İdman gününə həsr olunan yarışın iştirakçılarına uğurlar arzulayıblar.
Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydaları əsasında keçirilir. 7 turdan ibarət olacaq yarışda iştirakçılar fərdi qaydada yarışırlar.




