OECD ölkələrində inflyasiya 7,2%-ə çatıb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlakçı qiymətləri yanvar ayında illik müqayisədə 7,2% artıb.
ARANTV.AZ-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, dekabr ayı ilə müqayisədə 0,6 faiz bəndi çoxdur. İnflyasiyanın ümumi göstəricisinin artması, yanvarda Türkiyədə illik inflyasiyanın 48,7%-ə qədər sürətlənməsi ilə əsaslandırılır. Türkiyənin inflyasiya göstəricisi nəzərə alınmadan OECD ölkələrində qiymət artımı yanvarda 5,8% təşkil edib.
Bahalaşmanın templərinin artması Almaniya və Yaponiyadan başqa bütün G7 ölkələrində qeydə alınıb. Sözügedən iki ölkədə isə inflyasiya yanvarda müvafiq olaraq 0,5 faiz bəndi azalaraq 4,9%-ə və 0,8 faiz bəndi azalaraq 5,3%-ə enib.
G20 ölkələrində isə inflyasiya yanvarda əvvəlki aydakı 6,1%-dən 6,5%-ə qədər sürətlənib.

