Cəmiyyət 

Şuşada hərbçinin həlak olduğu yol qəzasına görə cinayət işi açılıb

Ötən gün Şuşada hərbi qulluqçunun həlak olduğu yol qəzası ilə bağlı cinayət işi başlanıb.

ARANTV.AZ  xəbər verir ki,  bu barədə Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib.

Qeyd olunub ki, daxil olan sözügedən məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, – deyə o qeyd edib.

Qeyd edək ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Daha çox xəbərlər