Region Xəbərləri 

Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik

Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII Qurultayından bir il ötür. Partiyanın VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə idi. Çünki Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Bu səbəbdən YAP-ın VII Qurultayı partiyanın tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti yarandığı gündən ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir.

Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır.  2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

Tam əminliklə demək olar ki, YAP  ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini özündə birləşdirən siyasi partiyadır. Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi.

Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolu danılmazdır. Ölkədə reallaşan siyasi dialoq YAP-ın prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır.

Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın  Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapdı.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu.

VII Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olundu. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmişdir. Partiya Sədrinin birinci müavini vəzifəsi təsis edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir.  VII Qurultayda İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultayda Partiyanın yeni Proqramının hazırlanması və qəbulu barədə qərar qəbul olunması ilə Partiyanın daha təkmil idarəetmə formasını müəyyən etdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya Sədrinin birinci müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun  təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamı imzalanmışdır.

Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik – YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır. 2021-ci il sentyabr 10-da və 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclaslarında YAP-ın 76 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur.

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

YAP yüksək mədəniyyətin Azərbaycan xalqına məxsus əsas keyfiyyətlərdən olduğunu nəzərə alaraq, partiyadaxili münasibətlərin təşkilində etik qaydaların və milli dəyərlərin qorunmasına xüsusi diqqət yetirir.  Partiyanın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaşmalara üstünlük verilməsi vacib prinsiplərdəndir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.

YAP-ın Proqramda  Heydər Əliyev irsinin təbliği və təşviqi, Güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış olmaqla YAP fəaliyyətinin növbəti strateji hədəfləri müəyyən edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Bütün bunlar sübüt edir ki, Yeni Azərbaycan Partiyası qarşıda duran məqsədlərə yol açan dünənin, bu günün və gələcəyin partiyasıdır.

Mansur Quliyev, 
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri

Daha çox xəbərlər