İçərişəhər Bakının memarlıq incisi, tarixin yadigarıdır
Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən vurğulayıb ki, dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur
İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Onun ərazisinin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur. İçərişəhər 1977-ci ildə tarix-memarlıq qoruğu statusunu almışdır. Bu unikal tarixi məkan 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına Qız qalası və Şirvanşahlar sarayı kompleksi ilə birgə daxil edilmişdir. Azərbaycan memarlığının, Azərbaycan tarixinin bir hissəsi, Azərbaycan xalqının maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidələr UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə gözəl bir töhfəsidir.
2000-ci il noyabrın 25-də baş vermiş zəlzələ İçərişəhərə ciddi ziyan vuraraq onun vəziyyətini daha da ağırlaşdırmışdır. Belə şəraitdə ümummilli lider Heydər Əliyevin 2003-cü il fevralın 17-də imzaladığı “Bakı şəhərində İçərişəhər tarix-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı qoruqla əlaqədar olan dövlət qurumlarının işində köklü dönüş yaratmış, simasını itirməyə başlamış İçərişəhəri, sözün əsl mənasında, xilas etmişdir. Sərəncamdan sonra ictimaiyyətin, mütəxəssislərin və kütləvi informasiya vasitələrinin diqqəti İçərişəhərin problemlərinə yönəlmişdir. Ulu Öndərin müdrikliyi sayəsində qoruğun uzunmüddətli qorunması və bərpası ilə bağlı konsepsiyanın hazırlanması, həmçinin İçərişəhərin idarə olunmasının beynəlxalq standartların tələblərinə uyğun qurulması kimi vacib məsələlər də həmin Sərəncamda öz əksini tapmışdır.
2005-ci il fevralın 10-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” Sərəncam imzalandı. Sərəncama əsasən qoruğun ikili tabeçiliyi ləğv edildi, İçərişəhərdə unikal vahid idarəetmə sistemi yaradıldı. Qısa müddət ərzində qoruq ərazisində abidələrin və digər binaların inventarlaşdırılması aparılmış, qanunsuz tikintilər tamamilə dayandırılmış, sanitar təmizlik təmin olunmuş, yeni işıqlandırma sistemi qurulmuşdur. Ölkə başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa və abadlıq işləri təbii və insan faktorların təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, İçərişəhərin tarixi mənzərəsinin bərpasına öz töhfəsini vermişdir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi sayəsində İçərişəhərin bərpası və konservasiyası üzrə Master Plan hazırlanmış, Qız qalası və Məhəmməd məscidi kimi dünya əhəmiyyətli abidələrdə xarici mütəxəssislərin iştirakı ilə muzey konservasiyası işlərinə başlanmış, beynəlxalq standartlara cavab verən turizm infrastrukturu şəbəkəsi yaradılmışdır. UNESCO-nun tövsiyələri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 may tarixli qərarı ilə İçərişəhəri əhatə edən mühafizə (bufer) zonası yaradılmışdır. Zonanın müəyyən edilməsində əsas məqsəd İçərişəhərin tarixi-mədəni irsinin mühafizəsini, qoruq ərazisində yerləşən abidələrin bədii-estetik görkəmini, onların təhlükəsizliyini, funksional təyinatını və uzunömürlülüyünü təmin etməkdir.
Bu gün qarşıda duran başlıca vəzifələr İçərişəhərin memarlığının milli xüsusiyyətləri saxlanılmaqla bərpa edilməsi, dünya şöhrətli bir məkana çevrilməsi və Azərbaycan xalqının zəngin tarixinin ən gözəl və canlı bir sübutu kimi həm regionda, həm də dünyada tanıdılmasıdır. Prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən vurğulayıb ki, dünyada İçərişəhərə bənzəri olan ikinci yer yoxdur: “Düzdür, dünyanın bir neçə ölkəsində köhnə şəhər məhəllələri vardır, onların bir neçəsində mən olmuşam. Amma tam əminliklə deyə bilərəm ki, İçərişəhər kimi ikinci məkan, ikinci yer dünyada yoxdur. Bu, bizim tarixi irsimizdir, biz İçərişəhəri göz bəbəyimiz kimi qorumalıyıq və əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz”.
Prezident qeyd edib ki, bu gün də İçərişəhərdə insanlar yaşayır və onların rahatlığı üçün işlər görülür. Eyni zamanda, İçərişəhər həm Bakı sakinləri, həm bütün Azərbaycan vətəndaşları, xarici qonaqlar üçün çox cəlbedici yerdir və məhz buna görə İçərişəhərə hər gün böyük axın var: “Bütün bunları nəzərə alaraq işlər elə qurulmalıdır ki, orada yaşayan insanlar əziyyət çəkməsinlər, eyni zamanda, turistlər, qonaqlar üçün də lazımi şərait yaradılsın. Son illər ərzində bu istiqamətdə böyük işlər görülübdür. İçərişəhərin tarixi simasının qorunması şəxsən mənim nəzarətimdədir və əminəm ki, sizin rəhbərliyinizlə İdarə qarşıda duran yeni vəzifələri uğurla icra edəcək. İçərişəhər əbədi yaşayacaq və yaşamalıdır. Biz də, bizdən sonra gələn nəsillər də haqlı olaraq İçərişəhərlə fəxr edəcəklər”.
Bakı şəhərinin unikal memarlıq ansamblına malik olduğunu deyən cənab İlham Əliyev bildirib ki, həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni zamanda qədim abidələr, tarixi abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura yaradır. Hər gələn qonaq görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Prezident vurğulayıb ki, son vaxtlar görülmüş tədbirlər nəticəsində Bakının memarlıq ansamblı xeyli sağlamlaşıb: “…Bakı, onun bütün yerləri, hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Əminəm ki, Bakı bundan sonra daha da gözəl şəhər olacaq. Bakıda yeni inşa edilən binalar – istər yaşayış binaları, istər ictimai binalar, ticarət obyektləri, iaşə obyektləri ən yüksək memarlıq zövqünə uyğun olmalıdır. Bu işlərə dövlət qurumları nəzarət etməlidir ki, bundan sonra Bakı ancaq gözəlləşsin…”.

