Gündəm 

Azərbaycanı zirvələrə aparan yolun bələdçisi

Yeni Azərbaycan Partiyasının VII qurultayında qeyd olunduğu kimi, YAP yeniləşmiş formatda öz işini uğurla davam etdirir, partiya üzvləri ölkə qarşısında duran problemlərin həllinə vətəndaşlıq məsuliyyəti ilə yanaşırlar

Ötən il mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının keçirilməsinin zərurətindən bəhs edən Prezident İlham Əliyevin bildirdiyi kimi, regionda yaranan reallıqlar, mühüm layihələr bölgəyə yeniliklər gətirməklə əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Azərbaycanın müəllifi olduğu enerji diplomatiyası, ölkəmizin qlobal nəqliyyat siyasəti, dəhlizlərin açılması ilə bağlı yaranan vəziyyət geniş mənada Avrasiya məkanında münasibətlər formatlarının genişlənməsini başlıca tələb kimi ortaya qoyulduğunu «Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaranıb» sözləri ilə ifadə edən Prezident, YAP-ın Sədri İlham Əliyev respublikamızın son 17 illik inkişaf tarixinə nəzər salaraq ölkəmizin dayanıqlı siyasi, iqtisadi inkişafında iqtidar partiyasının qarşıya qoyduğu hədəflərinə nail olduğunu bildirdi. Beynəlxalq aləmdə Azərbaycanın çox böyük nüfuza və hörmətə malik ölkəyə çevrilməsini, ərazi bütövlüyümüzün bərpasını xalq-iqtidar birliyinin ifadəsi adlandırdı. Partiyanın yaranmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən YAP Sədri İlham Əliyev vurğuladı ki, ölkədə demokratiyanın inkişafı, dövlətçiliyin təkmilləşdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi Ümummilli Liderin Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətlərdəndir.

Tarixi həqiqətlər də göstərir ki, müstəqil Azərbaycan uğrunda mübarizə aparan xalqımız istəklərinə heç də asanlıqla nail olmamışdır. Təbii sərvətlərinə, yerləşdiyi coğrafi ərazisinə görə həmişə diqqət mərkəzində olan Azərbaycanın suveren dövlət kimi güclənməsini istəməyən qüvvələr məqsədlərinə çatmaq üçün ölkə daxilində sabitliyi pozmaqla cəmiyyətdə siyasi gərginlik yaratdılar. Ermənistanın Azərbaycan torpaqlarının işğalına «yaşıl işıq» yandıranlar paralel olaraq respublikada qarşıdurma, insanlarda xof yaratmaqla xalqımızın müstəqillik istəklərinə əngəl törətdilər. Özlərinin də qeyd etdikləri kimi, 9 dövlətin xeyir-duası ilə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün iqtidarda olduğu dövr xüsusilə təhlükəli idi. Ümumi adları «cəbhəçilər» olan bu «siyasətçilərin» iqtidara gəlməsi ilə ulu öndər Heydər Əliyevin min zəhmətlə qurduğu Azərbaycanda yaranan hərc-mərclik, respublikada baş alıb gedən iqtisadi böhran, hakimiyyətsizlik insanları təşvişə salır, narahatlıqlar artırdı. Dünənə kimi küçə və meydanlarda demokratiyadan danışsalar da, əsl demokratiyanın mahiyyətini başa düşməyən, daxili və xarici düşmənlərimiz tərəfindən idarə olunan naşıların, hakimiyyət hərislərinin səriştəsizliyindən istifadə edən qüvvələr Azərbaycanın sərvətlərini talan edirdilər. O çətin dövrdə 91 ziyalının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə ünvanladığı «Azərbaycan Sizin sözünüzü gözləyir!» adlı müraciətində yazılan «Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!» sözlərində Azərbaycan xalqının ümumi rəyi ifadə olunurdu. Ziyalıların müraciətinə «Yeni, müstəqil Azərbaycan uğrunda!» məktubu ilə cavab verən ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli- demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılması kimi möhtəşəm vəzifələri xalq-iqtidar birliyi ilə yerinə yetirmək olar. Bu tarixi missiyanı yerinə yetirmək üçün Yeni Azərbaycan Partiyasının yaradılması təklifini irəli sürən ziyalılar təşkilata rəhbərliyə ən layiqli namizədin ulu öndər Heydər Əliyev olduğunu bildirir və ondan bu təşəbbüsə razılıq verməsini xahiş edirdilər. Beləliklə zamanın tələbindən yaranan ulu öndər Heydər Əliyevin rəhbərliyi , 550 nəfərin iştirakı ilə 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Həmin konfransda qəbul olunan Bəyanatda qeyd olunduğu kimi, partiyanın başlıca məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, sivilizasiyalı, demokratik , hüquqi dövlətin yaradılması, ictimai həmrəyliyin təminatıdır. «Bizim şüarımız: müxalifət naminə müxalif ola bilməz. Bizim prinsipimiz- konstruktivlikdir» sözləri qeyd olunan Bəyanatda vurğulanırdı ki, müasir şəraitdə partiya öz iqtisadi strategiyasının əsasını respublikanın iqtisadi, sosial vəziyyətini, millətin mentalitetini, onun tarixi-mədəni ənənələrini nəzərə almaqla tənzimlənən bazar iqtisadiyyatına keçməkdə görür. Ulu Öndər bildirirdi ki, respublikanı böhran vəziyyətindən çıxarmaq üçün birlik və həmrəylik tərəfdarı olan YAP bütün siyasi təşkilatlarla , ictimai qurumlarla əməkdaşlığa hazırdır. Yarandığı gündən partiyanın qurucusu Heydər Əliyevin «Yeni Azərbaycan Partiyasının əsas prinsiplərindən biri də budur ki, əgər əqidə etibarı ilə ziddiyyət yoxdursa, o bütün siyasi partiyalarla, bütün siyasi qurumlarla əməkdaşlıq etməyə hazırdır. Müxalifət naminə müxalifət ola bilməz… Yeni Azərbaycan Partiyası çalışacaq ki, Azərbaycan bütün sağlam qüvvələrin birləşməsinə öz payını versin» sözlərini əsas prinsip kimi diqqətdə saxlayan və fəaliyyəti ilə doğruldan YAP-ın üzvlərinin və təəssübkeşlərinin sayının artması partiyanın demokratik prinsiplərə sadiqliyindən qaynaqlanır. YAP-ın II qurultayında partiyanın yaradılmasında təşəbbüskarlıq göstərənlərin xidmətlərini « Həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Naxçıvanda bizim partiyanı yaradanlar,- mən demişəm, indi də deyirəm,- partiyanın veteranlarıdır, partiyanın qızıl fondudur. Bizim partiyada bunlara həmişə hörmət olmalıdır və onların xidmətləri həmişə yüksək qiymətləndirilməlidir» sözləri ilə dəyərləndirən ulu öndər Heydər Əliyev onu da bildirirdi ki, partiyada gənclərin sayı daha artıq olmalıdır: «Çünki gənclər bu partiyada bişməlidirlər.»

O dövrdə Ulu Öndərə üz tutaraq ölkəni parçalanmaqdan qurtarmağını xahiş edən ziyalıların fədakarlığını YAP-ın VII qurultayındakı çıxışında xatırladaraq, yüksək qiymətləndirən Prezident İlham Əliyev «Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan «91-lər»”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər» sözlərinə əlavə olaraq bildirmişdi ki, onları Azərbaycan xalqı unutmamalıdır: «Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.»

Yeni Azərbaycan Partiyası artıq 30 ilə yaxındır ki, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqı arxasınca aparır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir. O ağır günlərdə ideoloji dayaqları müstəqillik, azərbaycançılıq, müasirlik, inkişaf, sosial rifah, siyasi və iqtisadi islahatlar olan YAP-ı yaratmaqla demokratik inkişafı gələcək üçün xilas yolu kimi seçən ulu öndər Heydər Əliyev illərin sınağında bərkimiş, təkmilləşmiş, güclənmiş partiyanın siyasi xəttini müəyyənləşdirərkən müstəqilliyin qorunması, sabitliyin təminatı, qanunvericiliyin, dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində islahatlara üstünlük verdi. Ən çətin dövrlərdə ümummilli lider Heydər Əliyevin hakmiyyətə gəlməsini nicat yolu seçən xalq Ulu Öndərin ideyasını davam etdirən Prezident, YAP-ın Sədri İlham Əliyevin ətrafında sıx birləşməklə də iqtidar partiyası ilə həmrəyliyini bildirir. Azərbaycanın siyasi, iqtisadi inkişafının davamlılığı, respublikada ictimai-siyasi sabitliyin təmin olunması, ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsi YAP-ın əsas hədəflərindəndir. Ölkədə keçirilən bütün siyasi kampaniyalarda qələbə qazanaraq xalqın etimadını doğruldan partiyanın sıralarının genişlənməsi bu partiyaya ümumxalq məhəbbətindən, Prezident, YAP-ın Sədri İlham Əliyevə əbədi etimaddan irəli gəlir.
2018-ci ilin aprelində keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən dövlət başçısı seçilən İlham Əliyev andiçmə mərasimində gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsaslar olduğunu bildirmişdi: «Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim.» Yəni, Ulu Öndərin gələcəyimiz üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyası bütün dövrlər üçün aktual olmaqla yeni dövrün tələblərinə uyğun təkmilləşir.” Əqidəsindən asılı olmayaraq iqtidar partiyasının digər siyasi partiyalarla təşkil olunan dialoqları, məsləhətləşmələri, 6 partiyanın YAP-na qoşulması, Zəfərimizlə bağlı 50 partiyanın birgə həmrəylik bəyanatını imzalaması ölkədəki demokratiya və siyasi plüralizmin ifadəsidir. Bu il 30 illik yubuleyini qeyd edəcək YAP yeniləşmiş formatda öz işini uğurla davam etdirir, partiya üzvləri ölkə qarşısında duran problemlərin həllinə vətəndaşlıq məsuliyyəti ilə yanaşır, ən müasir təcrübənin Azərbaycanda tətbiqində, siyasi islahatların həyata keçirilməsində fəallıqların artırırlar. «Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir. Əminəm ki, bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək.»

Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsində partiya üzvlərinin döyüş bölgələrində olmaları, hərbçilərimizə mənəvi dəstək göstərmələri, şəhid ailələrinin, qazilərin problemləri ilə maraqlanmaları YAP-a inamı daha da gücləndirir. Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi naminə önəmli islahatlara imza atan Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin «Biz birlikdə güclüyük!», «Qarabağ bizimdir!», «Qarabağ Azərbaycandır!» çağırışları, eyni zamanda, bu partiyanın xalqla həmrəyliyinin ifadəsidir. Partiyanın VII qurultayında «Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır» söyləyən Prezident, YAP-ın Sədri İlham Əliyevin vurğuladığı kimi,
Qarabağın bərpası işlərində də partiyanın üzvləri fədakarlıq göstərir, ölkəmizin inkişaf konsepsiyasına önəmli korrektələr edilir. «Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur» söyləyən YAP-ın Sədri İlham Əliyev bildirir ki, iqtisadi inkişaf, demokratiya, xarici siyasətlə bağlı kursumuz dəyişilməzdir. Bir çox xarici ölkənin Qarabağda bərpa işlərinə maraq göstərməsi o deməkdir ki, Azərbaycan nəinki döyüş meydanında siyasi müstəvidə də qalibdir. Bölgədə və ölkəmizdə yaranan tamamilə yeni geosiyasi vəziyyətə uyğun siyasət yeridən Azərbaycanın üçrəgli bayrağı daim yüksəklərdə dalğalanacaq. Zirvələrə uzanan yolun bələdçisi isə YAP olacaq.

Daha çox xəbərlər