Gündəm 

YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır

Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sisteminə xalqımızın mənafeyini təcəssüm etdirən güclü siyasi təşkilat kimi daxil olub. Partiya 30 ilə yaxındır ki, qarşısına qoyduğu məqsədlərə (dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, sosialyönümlü iqtisadiyyatın inkişafı, milli-mənəvi dəyərlərin qorunması və s.) nail olunmasında böyük nailiyyətlər əldə edib. Hazırda 800 min nəfərə yaxın üzvü olan partiya Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin aparılmasında, onun təbliğində yaxından iştirak edir. Cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində Yeni Azərbaycan Partiyasının hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür.

Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Cənubi Qafqazın ən böyük siyasi təşkilatı hər zamankı kimi, demokratik ənənələrin inkişafına böyük töhfə verir.Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi. Həmçinin Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı.

Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi,  6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Ona görə də deyə bilərik ki, bu qurultay demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək. Yeni proqramda ideya-siyasi varislik prinsipinə əsaslanmaqla partiyanın əvvəlki proqramında əksini tapmış və müasir dövrün tələblərinə cavab verən, cəmiyyətin ahəngdar inkişafını təmin edən ideoloji prinsiplər qorunub saxlanılmışdır. YAP demokratik siyasi dəyərlərə və prinsiplərə əsaslanır ki, onların içərisində Heydər Əliyev yolu müstəsna yer tutur. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası özündə siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışları ehtiva edir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasını şərtləndirir.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisədir. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini “dəmir yumruq” əməliyyatı ilə darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə bir yerdə oldu, onlarda ruh yüksəkliyi yaratdı, xalqımız, o cümlədən konstruktiv mövqe tutan siyasi partiyalar da dövlət başçımızın apardığı siyasət ətrafında sıx birləşdi. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu, şanlı qələbə ilə Azərbaycan bütün dünyaya öz gücünü göstərdi.

Bu həqiqətdir ki, İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da möhkəmləndirib. Prezidentin həyata keçirdiyi mütərəqqi islahatlar isə xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli,dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir. Bütün bunlar sübut edir ki, YAP möhtəşəm zirvələrə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. YAP-ın yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, hədəflər və vəzifələri birləşdirir. İnanırıq ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir.

Anar Babayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Daha çox xəbərlər