Azərbaycanı gələcəyə və qələbələrə aparan partiya
Əbədiyaşar və unudulmaz ulu öndər Heydər Əliyevin əsasını qoyub, yaratdığı çoxminli yenilməz Yeni Azərbaycan Partiyası (YAP) gündən-günə böyüyür və genişlənir. Öz siyasi gücünü, qüdrətini Heydər Əliyevin dərin, çoxşaxəli və cahanşümul zəkasından alan YAP özünün hərtərəfli fəaliyyəti ilə artıq Azərbaycan xalqının böyük inamını qazanmaqla ölkəmizin inkişaf yollarına etibarla bələdçilik edir. Aparılan inamlı və uğurli siyasətin möhkəm dayaqları ilə artıq doğma Azərbaycanımız böyük bir regionun lider ölkəsinə çevrilmişdir. İqtisadiyyatımıza investisiyaların qoyuluşu getdikcə artır, xarici sərmayələr çoxalır, əcnəbi iş adamları Azərbaycana daha çox etibar edir, milyonlarla sərmayəni respublikamızın tərəqqisinə yatırırlar.
Dünya şöhrətli, yenilməz Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev YAP-ın VII qurultayındakı dərin məzmunlu, rəngarəng siyasi çalarlarla cilalanmış nitqində demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Bundan sonra da YAP bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaqdır”.
Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, ölkədə gedən bütün proseslərin, əldə olunan qələbələrin, nəhəng quruculuq işlərinin, habelə siyasi dəyərlər və prinsiplər sistemi üzərində bərqərar olan müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı bir daha sübut edir ki, həyata keçirilən tədbirlərin mərkəzində YAP-ın fəaliyyəti dayanır.
Yeni idarəetmə modelini daimi özündə ehtiva edən YAP milli maraqların qorunmasını fəaliyyət strategiyasının vacib prioritetləri kimi qəbul edərək ölkəmizin ərazi bütövlüyünün bərpasını mühüm bir vəzifə kimi qarşıya qoymuş, onu fədakarcasına təmin etmiş və bu müqəddəs vəzifə partiyamızın Sədri, Ali Baş Komandan İlham Əliyevin böyük qətiyyəti, dərin zəkası və uzaqgörən siyasəti nəticəsində əldə edilmişdir. Azərbaycanda vətənpərvər, intellektual bazası, ehtiyatı olan yeni gənc nəsli də özündə birləşdirən YAP Vətənə sevgi, düşmənə nifrət hissi ilə torpaqlarımızı işğaldan azad etməklə döyüşlərdə iştirak edərək bir daha dünyaya sübut etdi ki, Vətən və torpaq yolunda canından keçməyə həmişə hazır və müntəzirdir.
Ölkədə möhkəm həmrəyliyin, demokratiya ab-havasının daim qorunub saxlanılması partiyamızın siyasətində aparıcı rol kimi həmişə təzahür etmişdir. YAP ali məclisinin- VII qurultayın keçirilməsindən artıq bir il ötmüşdür. Bu müdət ərzində görülən işlərin, həyata keçirilən tədbirlərin demək olar ki, ucu-bucağı görünmür. Çağdaş dövrümüzün bütün tələb və çağırışlarına inamla və yetkinliklə cavab verən partiyamızın yeni Nizamnaməsi fəaliyyətimizin şaxələnən strukturlarında öz şəfəqlərini saçmaqdadır. Qurultayda yeni Nizamnamənin qəbulu və həyata keçirilməsi siyasi dialoqun və milli həmrəyliyin tətbiqi təzahürünü, partiyamızın daha təkmil idarəetmə formasını müəyən etmişdir. Eyni zamanda, Mərkəzi Aparatın strukturunun, partiya işçilərinin maaşlarının təsdiq edilməsi haqqında YAP Sədrinin sərəncamları fəaliyyətimizin sürəti və keyfiyyətini şərtləndirmişdir.
YAP-ın ölkə həyatının bütün sahələrində əsl peşəkarlıq, inamlı dövlətçilik, sadiq vətənpərvərlik təzahürləri getdikcə genişlənməkdədir. Bunların arasında YAP-ın beynəlxalq əlaqələrinin yeni vüsət alması, möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin uğurlu davamı kimi qeyd olunmalıdır. Azərbaycanın və qardaş Türkiyə Cümhuriyyətinin iqtidar partiyaları arasında uzun illər davam edən, gündən-günə genişlənən dostluq və qardaşlıq təmayyülləri öz bəhrəsini verməkdədir. Yeni Azərbaycan Partiyası və Türkiyənin hakim Ədalət və və İnkişaf Partiyası arasında uğurla davam edən birgə təşkilatçılıq tədbirləri hər iki siyasi təşkilatın liderləri arasında sarsılmaz qardaşlıq, dostluq münasibətləri dinamik şəkildə inkişaf edir. YAP təkcə qardaş Tükiyənin hakim partiyası ilə deyil, həm də Ukraynanın “Xalqın Xidmətçisi” Partiyası ilə Əməkdaşlıq Memorandumu imzalamışdır. Ötən il YAP Çin Kommunist Partiyasının videoformatda təşkil etdiyi beynəlxalq tədbirdə, eləcə də Qazaxıstanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş siyasi kampaniyada iştirak etmişdir. Beynəlxalq aləmdə getdikcə nüfuz və etimadını gücləndirən YAP Rusiya Federasiyası, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın hakim partiyaları ilə siyasi əlaqələrini daha da genişləndirmişdir. Sevindirici haldır ki, onminlərin partiyası və siyasi ocağı sayılan YAP habelə Asiya regionunda siyasi partiyaları özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının daimi komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin dünyanın 100-ə yaxın siyasi qurumlarını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalın müşahidəçi üzvü olaraq öz fəaliyyətini ardıcıl olaraq davam etdirir.
Ulu öndərimiz Heydər Əliyevin təbirincə desək, Dünənin, bu günün, sabahın partiyası” olan YAP-ın davamlı ictimai-siyasi fəaliyyətində şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, xarici siyasət, ordu quruculuğu, həm də işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış… partiyanın yeni Proqramında önəmli yerlərdən birini tutur.
Ölkəmizin inkişafına, çağdaş cəmiyyətimizin tərəqqisinə xidmət edən YAP-ın əsas mövqeyi və ümdə hədəfləri ulu öndər Heydər Əliyevin zəngin, bəşəri, siyasi irsinin təbliği və təşviqi, habelə güclü iqtisadiyyat, davamlı inkişaf, inklüziv, müasir cəmiyyət, ən əsası isə ədalətli sosial təminatdır. Ona görə də YAP insan kapitalının, şəffaflığın artırılması və qorunması sahəsində vətəndaş cəmiyyətinin inkişafını fəaliyyətinin ümdə hədəfləri kimi qəbul edir. YAP-ın Sədri, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və başçılığı ilə ölkəmizin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində Azərbaycanın nüfuzunun daha da artması, həmçinin vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması partiyamızın fəaliyyətinin ana xəttini təşkil edir.
Azərbaycan vətəndaşları bir daha əminliklə inanırlar ki, bundan sonrakı dövrdə də YAP fəaliyyətini müasir dövrün tələb və çağırışlarına uyğun qurmaqla daha böyük uğurlar əldə edəcəkdir.
Tahir Məmmədov,
YAP Veteranlar Şurasının üzvü,
siyasi elmlər üzrə fəlsəfə doktoru

