“Ukraynaya dəstək olmaq üçün göy və sarı güllər alırlar” – Bakıda 8 Mart öncəsi gül dükanlarından REPORTAJ
Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də təmtəraqla qeyd edilir. Əks cinsin nümayəndələri çalışırlar ki, qadınlar üçün bu özəl gündə onları sevindirsin, üzlərində təbəssüm yaratsınlar. Bu məqsədlə xanımlara müxtəlif hədiyyələr alır, bu yolla xanımlara özəl olduqlarını hiss etdirməyə çalışırlar.
Güllər isə 8 mart gününün ən gözəl hədiyyəsi sayılır.
Hər il olduğu kimi bu il də 8 Mart bayramı ərəfəsində qiymətlərin yüksəldiyini görürük, bu isə əksər vaxtlarda sakinlərin narazılığına səbəb olur.
Bəs görəsən, bu il qiymətlər necədir? Bu il hər kəsin cibinə uyğun gül almaq mümkün olacaqmı?
Musavat.com-un əməkdaşı olaraq, paytaxtın bir neçə gül mağazasına üz tutaraq mövcud vəziyyəti öyrənməyə çalışdıq.
Müşahidələrimizi ilk olaraq Nizami rayon ərazisində yerləşən bir neçə gül mağazasında apardıq. İlk daxil olduğumuz gül mağazasında satıcıların fikrini öyrəndik.
![]()
Onlar qeyd etdilər ki, müxtəlif çeşiddə gül satılır: “Yerli və xarici güllər mövcuddur. Xarici güllər əsasən Hollandiya, İran və Türkiyədən gətirilir. Bayramda ən çox tələb edilən isə qızılgül, lalə və qarışıq güllərdir. Alıcılar tərəfindən seçilən Pion güllər də heç də az satılmır. Bayram münasibətilə əvvəlki günlərə nisbətən qiymətlərin qalxması isə normaldır”. Satıcıdan onu da öyrənirik ki, qızılgüllərin buket halında qiyməti 25 manatdan başlayır.
Satıcı onu da əlavə edib ki, dipçək güllərinə də tələbat çoxdur. Onların qiyməti 35, 40 manatdan başlayır: “Bayram günü dipçək güllərinin də qiyməti 10-15 manata qədər artırılacaq”.
![]()
Nizami rayonunda yerləşən “Fantaziya” gül mağazası, digər mağazalardan fərqli olaraq qiymətləri ilə diqqətimizi çəkdi. Satıcının dediyinə görə, bir buketin içərisində, minimum 3 ədəd qızılgül olan bağlamanın qiyməti 25 manat olacaq və qiymətlərdə dəyişiklik olmayacaq. Mağazada bir məqam da diqqətimizi çəkdi. İnsanlar seçim edərkən güllərin rənginə və adlarına da önəm verirlər. Ən əsası Ukraynada baş verən son hadisələr xalqımızı da narahat edir. Bununla bağlı insanlar, Ukraynaya dəstəyini göstərərək göy və sarı güllər alırlar”.

