8 Mart yaxınlaşır- 400 manata gül buketi, min manata ətirlər – REPORTAJ, FOTOLAR
Mart ayının gəlişi ilə bərabər bir çox özəl və bayram günləri də gəlir. Onlardan biri də 8 Martdır.
8 Mart Azərbaycanda, o cümlədən bir çox ölkələrdə Beynəlxalq Qadınlar günü kimi qeyd olunur. Bu münasibətlə xanımlara gül, ətir və s. kimi hədiyyələr alınır. Demək olar ki, 8 Marta sayılı günlər qalıb. Artıq hədiyyələr hazırlanır və sifarişlər verilir.
Məlumdur ki, 8 Mart gününün əsas və əvəzolunmaz hədiyyəsi çiçəklərdir. Bəs mağazalarda gül buketləri neçə manata satılır?
Məlum məsələdir ki, Qadınlar gününə sayılı günlər qalanda gül mağazalarında qiymətlər qaldırılır. Necə deyərlər, satıcılar fürsətdən istifadə edir.

Musavat.com-un əməkdaşı olaraq gül və ətir mağazalarına getdik və qiymətlər haqqında məlumat almağa çalışdıq.
Nizami rayonunda yerləşən gül mağazalarından birində olduğumuz zaman müşahidə etdik ki, 8 Mart üçün artıq hazırlıqlar gedir.
Satıcı Ramin dedi ki, qiymətlərdə hər hansı bir dəyişiklik olmayacaq.
“Qızılgül- 5 manat, çobanyastığı-2 manat, lalələr- 3-4 manatdır. Buketlərə gəldikdə isə kim hansı güldən hansı qiymətə istəyirsə, düzəldirik”
Gül mağazasında öyrəndik ki, 101 ağ və çəhrayı tülpandan ibarət buket 300 manata hazırlanır. Qızılgül və orxideyadan ibarət buket isə 350 manata başa gəlir. 101 qızılgüldən ibarət buketin qiymətinə də nəzər yetirdik və gördük ki, 400 manata hazırlanır. 55 ədəd tülpandan ibarət buket isə 220 manatdır.

Mono-buketlər kateqoriyasında bəzi buketlər var ki, onların qiyməti daha uyğundur.
Məsələn 7 ədəd olan ağ rəngli xrizantema buketi-35 manat, 9 ədəd olan çəhrayı rəngli xrizantema buketi -45 manat, kala gülü buketi-150 manat, 35 ədəd bənövşəyi rəngli iris buketi 110 manat, 35 ədəd olan sarı tülpan buketi -140 manat, orxideya buketi isə 99 manata başa gəlir.
Mağazalarda “yalançı roza” satıldığını da öyrəndik. Satıcılar gülün qiymətinin 4 manat olduğunu söylədilər. Çobanyastığı isə 2 manat 50 qəpik idi hər növ gülün öz qiyməti var. Yollandığımız ikinci mağazada buketlərin qiyməti 15 manatdan başlayırdı.
8 Mart və Novruz bayramı ilə əlaqədar açılan yarmarkalarda da olduq. Orada satılan gül dibçəklərinin qiyməti bir-birindən fərqli idi. Məsələn, bir çadırda 35 manata təklif olunan orxideya dibçəyi digər çadırda 40 manata təklif olunurdu.
Ümumi olaraq isə dibçək güllərinin qiyməti 15 manatdan başlayıb 90 manatadək davam edir.

Başqa bir gül mağazasında öyrəndik ki, lalələr 2-3 manat , qızılgüllər 3-5 manat arasında dəyişən qiymətlə satılır. Ətirlərə gəldikdə onların da qiyməti fərqlidir.
Satıcılar bildirdilər ki, hazırda 8 Martla əlaqədar endirim aksiyası var. Ətirlərin də endirimli qiyməti 25 manatdan başlayır, 1000 manatadək davam edir.
Metro yaxınlığında olan çadırlarda da ətirlər satılır hazırda. Həmin ətirlərin isə qiyməti isə qramından asılı olaraq dəyişir. Orada 5 manata da ətir tapmaq mümkündür.
Ləman Rüfətqızı
Musavat.com














