Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi layiqli və möhkəmdir
8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər il bayram günü ərəfəsində 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir
Azərbaycan qadını tarix boyu ləyaqətini uca tutaraq öz mübarizliyi ilə tanınıb, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstəriblər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr veriblər.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.
Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan, müasir dövrdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. Bu gün Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.
Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafında, bu çərçivədə dövlət qadın siyasətinin formalaşmasında və həyata keçirilməsində mütərəqqi siyasəti Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən layiqli şəkildə davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi altında bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaratmışdır.
Elsanə Nəbiyeva,
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının fəal üzvü

