Tərtərdə tədbir: “Cənnətin özüdür şəhid anası”
Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Cənnətin özüdür şəhid anası” adlı tədbir keçirilib.
ARANTV.AZ xəbər verir ki, 44 günlük Vətən müharibəsində Tərtər şəhərindən şəhadətə yüksəlmiş qəhrəman oğulların analarının iştirak etdiyi tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova şəhid analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı arzulayıb. Bildirib ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir. Şəhidlərimiz kimi, onların anaları, ailələri də hər kəs üçün dəyərlidir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tərtər Regional Bölməsinin rəhbəri Vidadi Məmmədzadə, Tərtər Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Aybəniz Şahbazi, Heydər Əliyev Mərkəzinin əməkdaşları da çıxışlarında şəhid analarını bayram münasibətilə təbrik edib, bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün onlara təşəkkür ediblər.
Tədbirdə Tərtər Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən ziyarət edilən şəhid ailələri və şəhid məzarlarının görüntülərini özündə əks etdirən vətənpərvər ruhda hazırlanmış videoçarx göstərilib. Sonda mədəniyyət işçiləri və Tərtər rayonundan olan İkinci Qarabağ müharibəsi qazilərinin Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ünvanladıqları bayram əhval-ruhiyyəli təbrik videoçarxı nümayiş olunub və şəhid analarına tər çiçəklər təqdim olunub.

