Azərbaycan qadını dövlətçiliyin inkişafında önəmli rol oynayır
Qadın tarixin müxtəlif mərhələlərində cəmiyyətdə təkcə bioloji varlıq kimi mövcud olmaq sərhədini aşaraq, ictimai status qazanıb, sosial varlıq kimi müxtəlif funksiyaları icra edərək tərəqqiyə gedən yolda töhfələr verib. Azərbaycan qadını hər zaman zəriflik, incəlik, müqəddəslik rəmzi olub, eyni zamanda, dərin düşüncəsi və müdrikliyi ilə həm dövlətçiliyin inkişafında, həm də müxtəlif sahələrin tərəqqisində önəmli rol oynayıb. Xalqımız olduqca həssas dönəmlərdən keçməli olub. Məhz bu məqamlarda Azərbaycan qadınlarının nümayiş etdirdiyi iradə, fədakarlıq, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək sayılmalıdır. Qədim dövrlərdən günümüzədək Azərbaycan qadınının cəmiyyətdəki rolunu fərqli aspektlərdən təhlil edərkən görürük ki, Azərbaycanda qadın fəallığının əsasları və ənənələri, onun cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmaları çox mühüm əhəmiyyət kəsb edir. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Tarixin müxtəlif mərhələlərində bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada yeni gender münasibətlərinin kontekstini yaradırdılar.
Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilən Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev deyib: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcək”.
Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların ictimai – siyasi, elmi, mədəni, sosial – iqtisadi və digər sahələrdə qazandıqları uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Sahibkarlığın, xüsusi ilə qadın sahibkarlığın inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir. Zərif cinsin nümayəndələrinin sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyəti misilsizdir. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinici müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyeva bir çox ictimai-siyasi xadimlərə nümunə olacaq işlər görür. Azərbaycan mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında Mehriban xanım Əliyevanın rolu əvəzsizdir. Azərbaycanın birinci xanımı nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir.
Cəmiyyətdə gedən demokratikləşmə proseslərindən irəli gələrək ölkədə çoxsaylı qadın təşkilatlarının yaradılması, ümummilli miqyasda fəaliyyət göstərən bu qurumların əsas məqsəd kimi Azərbaycanda qadının sosial statusunun yaxşılaşdırılması, onun sosial-iqtisadi problemlərinin həlli və sair bu kimi vacib məsələləri önə çəkməsi də həmin ictimai-siyasi fəallığın bariz təcəssümüdür.
Arzu Abdullayev,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

