Cəlilabadda qadınlar gününə həsr olunmuş tədbir
Cəlilabadda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbir şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutdu. İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təbirdə çıxışında əvvəlcə xanımları əlamətdar gün münasibətilə təbrik etdi. Azərbaycan qadınının respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini, Vətənin yüksəlişində daim fədakarlıq nümunəsi göstərib müqəddəs bir missiyanı həyata keçirdiyini və Vətən müharibəsi zamanı yüksək fəallığını vurğulayıb dedi:- Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsini layiqincə yerinə yetirirlər. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, şəhid xanımları və şəhid bacıları da var. Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı hesabına Vətənə xidmət edən xanımlar da çoxdur. Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınları haqqında dəyərli fikir söyləyib: ” Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”. Bu gün Azərbaycan qadını cənab Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi və intellektual-mənəvi həyatında yaxından iştirak edirlər.
Tədbirdə digər çıxışlarda əlamətdar gün münasibətilə qadınların ünvanına təbriklər deyildi və cəmiyyətdəki fəal rolundan, ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən söhbət aşıldı.
Daha sonra xanımlara qiymətli mükafatlar təqdim olundu. Cəlilabad rayon Mədəniyyət Mərkəzinin və uşaq özfəaliyyət kollektivlərinin qadınlar gününə həsr etdiyi konsert proqramı da könül oxşatdı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü












