Ölkəni bürüyən lotereya köşkləri: fırıldaqçılıq, yoxsa asan qazanc yolu – reportaj
“Pul udmasam da alıram, artıq vərdiş eləmişəm”; deputat: ““Azerlotereya” lotereya fondu haqqında, nə qədər biletin satılması, qalması barəsində ictimaiyyətə məlumat verməlidir”
Zaman-zaman lotereya oyunlarının xaotik şəkildə keçirilməsi ilə bağlı narazılıqlar olsa da, bunun ölkəmizdə ləğv olunmasına gedilməyib. Bir müddət əvvəl də bu məsələ gündəmə gələrkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev demişdi ki, Azərbaycan sivil, demokratik, milli ruhunu qoruyub saxlamaqla beynəlxalq əlaqələrini inkişaf etdirən ölkədir.
Belə bir ölkədə “Poz, qazan” lotereyasının qadağan edilməsi doğru deyil. Deputat qeyd edib ki, lotereya bütün dünyada oynanılır və qiyməti də baha deyil: “Köşklərin qarşısında yaranan növbələrin qismən azaldılması üçün çıxış yolu həmin lotereyanın satışını digər dükanlarda da təşkil etməkdir. Bəzi vətəndaşların doğrudan da son qəpiklərini, çörək pullarını da ”Poz, qazan” lotereyasına verdiklərinə görə həmin lotereyanın qadağan olunması tələb edilirsə, onda gəlin, ölkədə siqareti və spirtli içkiləri də qadağan edək. Fikrimcə, bu lotereya Azərbaycanda fəaliyyətini davam etdirməlidir. Nəzərə almaq lazımdır ki, həmin lotereya artıq 30-35 ildir ki, bütün dünyada qəbul edilib. Bunun ləğv edilməsinin tərəfdarı deyiləm. Sadəcə olaraq, satışının rahat təminatı və növbələrin qarşısını almaq üçün lotereyalar bütün supermarketlərdə satılmalıdır”.

Amma yalnız o köşklərin qarşısında növbələrin olması və bundan doğan narazılıqdan da söhbət getmir. İnsanlar iddia edirlər ki, aldadılırlar. Bizimlə söhbətdə paytaxt sakini Fəridə Əliyeva lotereya oyunlarını fırıldaqçılıqda günahlandırdı: “Bir dəfə 10 lotereya aldım, heç biri udmadı. Bir dəfə də yoldaşım 50-ni aldı, cəmi birində uduş oldu, o da iki manat. İnsanları bu qədər aldatmaq olmaz axı. İndi siz görün bunlar nə qədər pul qazanırlar, insanlara qarşı soyğunçuluqdur”.
Bütün bu narazılıqları nəzərə alaraq, “Yeni Müsavat”ın əməkdaşları olaraq lotereya bazarında baş verənləri bir də öz gözlərimizlə müşahidə etmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə lotereya köşkünə üz tutduq.
İlk olaraq metronun “Neftçilər” stansiyasının qarşısına getdik. Bu ərazidə bir neçə yerdə lotereya satış məntəqələrini görmək olar. Səhər saatları olmasına baxmayaraq lotereya köşkünün qarşısında insan izdihamı ilə üzləşdik. İnsanlar iş arxasınca getmək əvəzinə bu köşklərin qarşısında saatlarla növbələrdə dayanmağa razıdırlar. Nə bilmək olar, bəlkə də bəziləri üçün bu, ən son ümid yeridir…
Yaxınlaşıb insanlardan lotereya almalarının səbəbini soruşuruq. “Mən çoxdan lotereya alıram. Bəxtim gətirən vaxt da olub, gətirməyən vaxt da. Məsələn, axırıncı dəfə 100 manat uduşum olmuşdu. Amma bu gün bəxtim gətirmədi”, – deyə alıcılardan biri bizimlə söhbətdə bildirdi.

Digər alıcı isə bildirdi ki, iki dəfə lotereya alıb, amma heç birində uduş olmayıb: “Ümidimi itirmirəm, bir gün bəxtim gətirər”. “Buna vaxt itirməkdənsə, pul qazanmaq olardı” deyə sual etdikdə alıcılardan biri belə cavab verdi: “Qazana bilmirik bacım, o qədər iş axtardım ki, tapa bilmədim. İndi əlimə qəpik-quruş düşən kimi gəlib lotereya alıram”.

Satıcı da söhbətimizə müdaxilə edir: “Bilirsiniz narazılıq kimlərə qarşıdır? Hər addımbaşı açırlar, nə sənədləri var, nə bir şeyləri. Doqquz ildir işlədirik, sənədlərimiz, sertifikatlarımız da yerindədir. Qaydalarımız da olduqca sadədir”. Satıcı “Poz, qazan” lotereyasına niyə bu qədər marağın çox olmasına da münasibət bildirdi: “Televiziyada yayımlanan lotereyalar çox alınmır, ”Poz qazan” lotereyalarının satışı yüksəkdir. Çünki lotereyanı aldığın an pozub qazanıb-qazanmadığını öyrənə bilirsən. 1 manata aldığın “Qızıl 3″ adlı lotereya ilə minimum 1 manat, maksimum isə 25 min manat qazanmaq mümkündür. Qazanmaq üçün biletin üzərindəki üç xanada eyni rəqəm çıxmalıdır. Hər üç xanada eyni anda çıxan məbləği qazanmış olursunuz. Həmçinin kartdakı ”Bonus oyunu” xanasını pozaraq da, uduş qazanmaq mümkündür”.

Metronun “Qara Qarayev” stansiyasının qarşısında da müşahidələrimizi davam etdiririk, burada da eyni vəziyyətlə rastlaşırıq. Axşam saatlarının olmasına rəğmən lotereya köşklərinin qarşısı insanla dolu idi. Yaxınlaşıb alıcılarla söhbət etməyə çalışırıq. Kənan adlı paytaxt sakini dedi ki, yaxınlarının uduş əldə etməsi marağına səbəb olub: “İşləyirəm, amma maraqdan alıram. Dostlarım yaxşı məbləğ udublar. Mən də özümü sınamaq istədim. Amma beş lotereya aldım, heç biri udmadı. Fikirləşirəm bundan əl çəkim, məndə alınmır”.

Səlimə adlı alıcı isə iki dəfə lotereyadan pul qazandığını dedi: “Bir dəfə 5 manat, bir dəfə də iki manat qazanmışam. Amma sonra 20 bilet aldım, qazanmadım. İndi yenə alacağam. Vərdiş etmişəm artıq, dayana bilmirəm. Uduzsam da oynamaq istəyirəm”.
Fəqan adlı alıcı isə dedi ki, illərdir lotereya oynayır: “Artıq özümü lotereya aludəçisi kimi hiss edirəm. Harada lotereya görsəm, çox sayda alıram. Tələbəyəm də, pula həmişə ehtiyac olur. Dərsdən sonra kafedə işləyirəm. Nə qədər pul qazansam, ”Poz, qazan” lotereyaları alıram. Düşünürəm ki, bəlkə böyük qazanclar əldə edə bilərəm. Çünki ətrafımızda 1000 və hətta 25 min manat uduş qazananlar olub”.

Beləliklə, lotereya köşklərini müşahidə etdikcə belə qənaətə gəlirik ki, insanlar əsasən yaxınları uduş əldə etdikdən sonra lotereya almağa cəlb olunurlar. Bir çoxlarında bu, aludəçiliyə, bəzilərində məyusluğa səbəb olur. İnsanlar səhər tezdən işə, axşam saatlarında evə getmək əvəzinə lotereya köşklərinin qarşısına yığılaraq pul qazanmağa ümid bəsləyirlər. Bəs görəsən, bütün bu amillər mənfi haldırmı? “Poz, qazan” və bu kimi lotereyalar ölkəmizdə ləğv olunmalıdırmı?

Azər Badamov
İqtisadçı millət vəkili Azər Badamov “Yeni Müsavat”a bildirib ki, lotereyalar müxtəlif adlar altında hər bir ölkədə buraxılır: “Məsələn, ABŞ-da lotereyadan böyük bir məbləğin qazandığı haqqında xəbərlər eşidirik. Ölkəmizdə də ”Azərlotereya”nın “Poz, qazan” adında lotereyaları buraxılır. Bir çoxları bunun ölkəmizdə ləğv olunmasını təklif edirlər. Düşünürəm ki, ləğv olunması düzgün yanaşma deyil. Kifayət qədər insan var ki, lotereya oyununu oynamaq və ondan zövq almaq istəyir. Sadəcə, “Azerlotereya” tərəfindən lotereya fondu haqqında, nə qədər biletin satılması, nə qədər qalması barəsində ictimaiyyətə məlumat verilməlidir. Yəni proses şəffaf təşkil olunmalıdır. Lotereya biletləri alanların uduş əldə etməməsi də başa düşüləndir. Lotereyanın alınması o demək deyil ki, bütün lotereyalar uduşda iştirak etməlidir. Burada da müəyyən qədər bilet satılandan sonra müəyyən məbləğlər dövriyyəyə buraxılır. Həm də onu da qeyd etmək istəyirəm ki, lotereya biletlərin alınması məcburi deyil. Kim lotereyaya inanmırsa bilet almasın”.

