Adın şərəflidir sənin, ey qadın!
“Adın şərəflidir sənin, ey qadın!” deyib şair. Şərəf, ləyaqət, qeyrət, nəzakət, mərhəmət… Bir-birinə halqa kimi bağlanan bu sözlərin arxasında dayanan ali keyfiyyətlərin hamısı Azərbaycan qadınının simasında cəm olub. Tarix boyu təsdiqlənib bunlar. Onun səhifələrindən Bərdə hökmdarı Nüşabə xanımın, böyük şairələr Məhsəti Gəncəvinin, Xan qızı Xurşidbanu Natəvanın, qoç Koroğlunun igid ömür-gün yoldaşı Nigarın və yüzlərlə digər Azərbaycan qadınının sönməz xatirəsi boylanır. Bu salnamə, bu nümunə günümüzədək davam edir.
Qadınlar müstəqil Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak edirlər, onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,3 faizdir. Bu gün Azərbaycan qadınları kişilərlə bərabər idarəçilikdə, ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunur, rəhbər vəzifələr tuturlar. Cəmiyyətin aparıcı hissəsinə çevrilən qadınlar ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edirlər. Qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Onların cəmiyyətin həyatında rolu getdikcə daha da artır .
Bütün bunlar ölkəmizdə qadınlara yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən qaynaqlanır .

