Ukraynada azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutuldu – YENİLƏNİB + VİDEO
“Martın 7-si yerli vaxtla 05:30 radələrində Ukraynanın Nikolayev şəhəri Rusiya Silahlı Qüvvələri tərəfindən “Qrad” atəşinə tutulub. Raket atəşləri nəticəsində şəhərdə xəstəxana ilə yanaşı, azərbaycanlıların yaşadığı məhəllədəki binalara da ciddi ziyan dəyib”.
Nikolayev Şəhər Polisinin azərbaycanlı zabiti Turan Fikrətlinin Baku TV-nin Şərqi Avropa bürosuna bildirdiyinə görə, yaşayış binalarında insanlar əvvəlcədən təxliyə olunub. Buna görə də insan ölümü olmayıb.
“Azərbaycanlılar tərəfindən çoxlu müraciətlər daxil olur. Çalışacağıq ki, onların hamısını Odessaya, oradan da Moldova sərhədinə yola salaq. Yüzlərlə insan Nikolayev vilayətinin kəndlərində qalıb. Onlar da kömək istəyirlər. Amma uzaq kəndlərdə qalanları çıxarmaq mümkün deyil”, – deyə o qeyd edib.
09:52
Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub.
Bu barədə “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Milli Polisinin Nikolayev şəhəri İdarəsinin azərbaycanlı zabiti Turan Fikrətli məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər saat 05:30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər “Qrad” atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.
Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən ölən olmayıb.

