8 Mart – Beynəlxalq Qadınlar Günüdür
Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.
Bayramınız mübarək, əziz xanımlar!
Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb.
1975-ci ildə BMT tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb
1965-ci ildən keçmiş SSRİ-də 8 Mart – Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib, ötən il doğulan 126,6 min körpədən 46,7 faizi qız uşaqlarının payına düşüb.
Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 54,8 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsil alanların 46,4 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 62,4 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,9 faizi qızlardır.
Qadınların elmin inkişafında da müstəsna rolu var. Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,6 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 10-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında isə 21,3 faizdir. Milli Məclisdə də qadın deputatların sayı artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 18,3 faizə çatıb.
Azərbaycan Resoublikasının Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Eyni zamanda dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadına fəxri adlar verilərək təltif ediliblər.
Bu ilki 8 Mart həm də öz şəhid yoldaşını, qardaşını, oğlunu çiynində son mənzilə aparan, Torpağımız üçün canından – qanından keçən oğulları dünyaya gətirən anaların, vətənə şərəfli övladlar yetişdirən qadınlarımızın bayramıdır.
Sizin haqqınız ödənməz!
Yaxşı ki, varsınız, Vətənimizin cəsarətli qadınları!
Bayramınız mübarək əziz Xanımlar!!

