Vətən müharibəsi şəhidi Elgün Bəyişlinin xatirəsi anılıb
Vətən uğrunda canını fəda edən qəhrəmalardan biri də şəhid Bəyişli Elgün Teyyub oğludur. 44 günlük Zəfər yürüşündə öz şücaəti ilə seçilən Elgünün doğum günündə xatirəsi anılıb.
ARANTV.AZ xəbər verir ki, şəhidin anım günündə ailə üzvləri ilə bərabər, kənd sakinləri, müharibə iştirakçıları, məktəblilər və şəhid ailələri iştirak edib. Beyləqan rayonu Təzəkənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, həmçinin şəhidlərin xatirəsi sükutla anılıb. Məktəblilər Vətənə və qəhrəmanlara həsr edilən şerlər səsləndirib.
Çıxış edənlər Elgün Bəyişlinin həyatından və qəhrəmanlığından danışıb. Bildirilib ki, Bəyişli Elgün Teyyub oğlu 1996-cı ildə mart ayının 6 da Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. 2003-cü ildə Təzəkənd kəndində yerləşən 1-ci Qarabağ müharibəsi şəhidi Əliheydər Məmmədov adına tam orta məktəbin 1-ci sinfinə daxil olan Teyyub əxlaqı və tərbiyəsi ilə seçilib. Onun vətənpərvərliyi isə hər kəsə nümunə olub. Elgün orta məktəbi bitirdikdən sonra 2015-ci ilin aprelində hərbi xidmətə ruh yüksəkliyi yollanıb. Vətəninə sevgi ilə bağlı olan Elgün bir neçə il mülki işdə çalışsa da, Tovuz hadisələrindən sonra ordu sıralarına qoşulmağa qərar verib və müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanıb. Elgün Vətən müharibəsi başlayandan ön cəbhədə döyüşərək Füzulinin azad olunmasında da böyük qəhrəmanlıq göstərib. Oktyabrın 2-də yaralanıb, buna baxmayaraq yaralı vəziyyətdə 11 nəfər silahdaşını xilas edib. Elgün Füzuli Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olub. Bir neçə gün orada qaldıqdan sonra Zərdab Rayon Mərkəzi Xəstəxanasına göndərilib. O, müalicəsi tam başa çatmadan könüllü olaraq ön cəbhəyə yollanıb. Elgün döyüşlərə qayıtdıqdan sonra Tuğ kəndi, Hadrut, Topxana meşəsi, Daşaltı və Şuşa istiqamətində gedən döyüşlərdə şücaəti ilə seçilib. Noyabr ayının 2-də sol ayağından yaralansa da, döyüş meydanın tərk etməyib. Noyabrın 6-da erməni qüvvələri ilə dolu olan dərə istiqamətində hücuma keçiblər və Elgün orada 3-cü dəfə ağır yaralanıb. Yaralı vəziyyətdə Şuşada iki gün döyüşüb və 8 noyabrda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, şəhid Bəyişli Elgün Teyyub oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”
“İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın Azad olunmasına görə” medalları ilə təltif olunub.

