“Zəriflik və gözəllik rəmzi olan qadınlarımız” adlı videokonfrans keçirilib
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınların böyük rolu olub.
ARANTV.AZ xəbər verir ki, bu fikirlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qax və Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin (MKS) birgə təşkilatçılığı ilə keçirilən “Zəriflik və gözəllik rəmzi olan qadınlarımız” adlı videokonfransda səsləndirilib.
Tədbiri Qax rayon MKS-nin direktoru Güllü Əhmədova açaraq iştirakçıları əlamətdar bayram münasibətilə təbrik edib, qadınların cəmiyyətdəki fəal rolundan danışıb. Bildirilib ki, Azərbaycanda qadına, anaya daim böyük hörmət bəslənilib, ana həmişə müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağılı ilə fərqlənib. Tariximizin, mədəniyyətimizin neçə-neçə şanlı səhifəsi məhz qadının adı ilə bağlıdır.
Vurğulanıb ki, bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Zaqatala rayon MKS-nin direktoru Leyla Məmmədova qeyd edib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır. Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da bu bayram böyük sevinc və fərəh hissi ilə qeyd olunur. Müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsi qadınlarımızın mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür.
Tədbirdə çıxış edən Qax rayon MKS-nin şəhər 2 nömrəli kitabxana filialının müdiri Leyla Yunisli vurğulayıb ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. “44 günlük Vətən müharibəsində bizə Zəfər qazandıran oğulların anası da məhz Azərbaycan qadınıdır”,- deyə o, vurğulayıb.
Videokonfransda çıxış edən şəhid xanımı Gülbəniz Hüseynova və kitabxana filiallarının müdirləri Azərbaycan qadınının cəmiyyətimizin ictimai-siyasi həyatındakı fəal rolundan danışıblar.
Sonda Xəzər Süleymanlının “Bilirsənmi kimdir qadın?” şeiri səsləndirilib.

