Region Xəbərləri 

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində Beynəlxalq Qadınlar Günü qeyd edilib

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

ARANTV.AZ xəbər verir ki, əvvəlcə Mərkəzin bir qrup əməkdaş və könüllüləri tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Həziyev Xəyal Feruz oğlu və Hüseynov Mirəli Arif oğlunun ailələri ziyarət olunub və şəhid analarına bayram hədiyyələri təqdim edilib.

Tədbirdə çıxış edən GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı Azərbaycan qadınının respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirakından danışıb. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, Azərbaycanın inkişafında qadınlarımızın misilsiz xidmətləri var. Azərbaycan qadınları Vətən müharibəsi zamanı da əsl fədakarlıq və vətənpərvərlik nümunələri göstəriblər.

“Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, xanımları və bacıları da var. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da əziyyətini unutmayacaq, onları daim yad edəcək”, – deyə Radə Telmanqızı bildirib.

Digər çıxış edənlər də qadınları əlamətdar gün münasibətilə təbrik edib, Azərbaycan qadınının cəmiyyətdəki fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən, gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan danışıblar.

Tədbirin sonunda GTM Qarabağ ofisinin bir qrup əməkdaş və könüllüsü olan xanımlara fəxri fərman və hədiyyələr təqdim olunub.

Daha çox xəbərlər