Baş tacısan, Azərbaycan qadını, bayramın mübarək – FOTO
Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə kimi tarixə düşüb. 1918-ci il mayın 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri oldu. Müasir Azərbaycan dövləti bu tarixi ənənəni uğurla davam etdirir. Bu gün Azərbaycan gender bərabərliyinin ən mükəmməl formada qorunduğu, qadınların ictimai-siyasi həyatda iştirakı üçün bütün əlverişli şərtlərin formalaşdırıldığı ölkələrdən biri kimi qəbul olunur.
Azərbaycan qadını milli dövlətçilik ənənələrinin formalaşmasında, milli birlik və həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın şəxsində biz bunun parlaq nümunəsini görürük. Məhz Birinci vitse-prezidentin bilavasitə təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr, mədəniyyətimizin, tariximizin təbliğinə xidmət edən çoxsaylı tədbirlər, elmin, təhsilin inkişafına töhfə verən ideyalar, addımlar cəmiyyətin bütün təbəqələri tərəfindən rəğbət hissi ilə qarşılanır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində bəşəriyyətin mədəni irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına xidmət edən təşəbbüsləri ölkəmizi multikulturalizm və tolerantlıq məkanı kimi tanıdır.
Birinci vitse-prezidentin fəaliyyətinin əsas motivləri milli birlik, həmrəylik, dövlət-cəmiyyət münasibətlərində zamanın çağırışlarına uyğun keyfiyyət dəyişikliyinə nail olunması kimi vacib hədəflərə istinad edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin elan etdiyi iki mühüm tezis bizim ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin xarakterini müəyyən edir. Bunlardan birincisi odur ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkinci vacib tezis odur ki, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Hesab edirəm ki, Azərbaycanda Birinci vitse-prezidentlik İnstitutunun uğurlu fəaliyyəti bu iki tezisin cəmiyyətin bütün sosial təbəqələrinin qəbul etdiyi ideoloji xətt kimi ictimai şüurda öz yerini tutmasında çox ciddi təsirə malik olub.
Tarixin bütün çətin mərhələlərində Azərbaycan qadınları fədakarlıq nümunəsi göstərib. Çox da uzaq olmayan keçmişdə, 2020-ci ildə biz Azərbaycan qadınlarının nə qədər güclü olduğunu öz gözlərimizlə gördük. Öz övladının, həyata yoldaşının tabutunu çiyinlərində daşıyan qadınlarımızın davranışı hər birimizi təsirləndirdi və qürurlandırdı. Övladını şəhid verən anaların “Vətən sağ olsun” deməsini heç vaxt unutmaq mümkün deyil. Onların hər birinin qarşısında baş əyirik!
Bayramın mübarək Azərbaycan qadını! Sən dünyanın ən gözəl sözlərinə, ən dərin ehtiramına layiqsən! Sən Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında 30 illik işğala son qoyaraq zəfər hissini yaşayan hər bir Azərbaycan oğlunun baş tacısan!
Ramin Məmmədov, Milli Məclisin deputatı.

