Xalqın və dövlətin birliyi sarsılmazdır
Möhtərəm cənab Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi olan islahatların dərinləşdirlməsi, Milli Məclisin işini yeni tərkibdə təşkil etməkdən ibarət olması və bu istiqamətdə həlli vacib məsələlərin icrasından bəhs etmişdir. Cənab Prezident vurğulamışdır ki, Avropa İttifaqının yeni seçilmiş deputatlarla, Azərbaycan Parlamenti ilə işləməyə hazır olduğunu bildirməsi əslində, seçkilərin tanınması deməkdir. Qeyd edilmişdir ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı Parlament formalaşmış, müxalifət partiyalarının nümayəndələri Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Vurğulanmışdır ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Milli Məclis tərəfindən qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaqdır. Dövlət başçısı bildirmişdir ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır, eyni zamanda bu sahədə kadr islahatları da aparılır. Ölkədə aparılan islahatların dərinləşməsi prosesi Parlamentdən – yeni tərkibdə yaranan Milli Məclisdən yan keçə bilməzdi və bu dəyişiklik deputatlar qarşısında ilk növbədə, qanunvericilik sahəsində həlli vacib böyük vəzifələr qoyur.
Cənab Prezident İlham Əliyev bildirmişdir ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri etməklə, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri irəli sürülməli, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Vurğulanmışdır ki, ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına çox ciddi zərbə vurur. Gənclər siyasəti barədə danışarkən dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və buna görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində işlər günün tələbləri səviyyəsində qurulmalı, gənclərin milli ruhda tərbiyə alması, xarici təsir altına düşməməsi üçün zəruri addımlar atılmalıdır.
Milli Məclisin fəaliyyəti barədə danışarkən dövlət başçısı bildirmişdir ki, deputatlar seçildikləri dairələrdə fəal olmaqla öz seçiciləri ilə daim təmasda olmaqlı, mənəvi cəhətdən qüsursuz olmalıdırlar. Cənab Prezident İlham Əliyev Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artırılmasından bəhs etmiş, eyni zamanda vurğulamışdır ki,, Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməli, dünyəvilik prinsipləri daha geniş bərqərar olmalı, radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır.
Azərbaycan Respublikasında aparılan islahatlar fonunda xalqımızın həyat şəraiti, ölkəmizin siyasi və iqtisadi sahədə əldə etdiyi nailiyyətlər məhz dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsi hesab edilməlidir. Xalqımızın xoşbəxtliyi və təhlükəsiz bir şəraitdə yaşaması üçün hər bir vətəndaş, hər bir azərbaycanlı dövlət başçısının ətrafında yumruq kimi birləşməli, uğurlu gələcəyə birgə imza atılmalıdır.

