Gündəm 

Gənclər siyasəti.

Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Bu tərəqqinin geniş vüsət almasında gənclərin də rolu böyükdür. Həyata keçirilən bu siyasət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi, bir sözlə, hərtərəfli inkişafı üzərində qurulub.
Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə var gücləri ilə çatdırırlar.
Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan sözügedən siyasət gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmişdir. 2017-2021-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Son illər Bakıda və regionlarda istifadəyə verilən “Gənclər ev”ləri yetişməkdə olan nəslin maraq dairəsini genişləndirmiş, asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaratmışdır.
Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak edirlər. Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.
Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır.
Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə töhfəsini verdi. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.
Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan Pezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Daha çox xəbərlər