Siyasət 

Dövlət qadın siyasətinin uğurla davam etdirilməsi Azərbaycan qadınının cəmiyyətdə yerini və nüfuzunu artırır

Qadın istər tarixən, istərsə də müasir dövrdə cəmiyyət üçün ən vacib varlıq olmuşdur. Qadınlarımız ilk növbədə anadır, valideyindir və uşaqların ən önəmli tərbiyyəçisidir. Digər tərəfdən tarixə nəzər salsaq görərik ki, qadınların bəzi tarixi məqamlarda elə müdaxilələri olmuşdur ki, onlar tarixin gedişini dəyişdirə bilmişdir. Dünyada qadına ən böyük qiymət verən ölkələrdən biri hər zaman Azərbaycan olmuşdur. Şərqdə qadınlara ilk dəfə seçmə-seçilmə haqqını verən də ilk müstəqil dövləti olan – Azərbaycan Xalq Cumhuriyyəti olmuşdur. Bununla da onlar ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət günümüzdə də uğurla davam etdirilir və Azərbaycan qadını hər zaman diqqət mərkəzində saxlanılır. 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupunu isə orden və ya medallarla təltif edir.
Günümüzdə Azərbaycan qadının nüfuzunun, cəmiyyət və dövlət həyatında yüksək səviyyədə iştirakının, xeyriyyəçiliyinin, idarəçiliyinin və bundan başqa müxtəlif sahələrdə uğurla iştirakının ən yaxşı nümunəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Günümüzdə Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevrilib, doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıb, fəal vətəndaşlıq mövqeyini nümayiş etdirib, dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində cəmiyyətdə yeri və nüfuzunu daha da artırıb. Bu yolda da onların ən böyük dəstəkçisi məhz Mehriban xanım Əliyeva olmuşdur.
Azərbaycanda dövlət siyasətinin ən önəmli tərkib hissələrindən biri də uğurla həyata keçirilən qadın hüquqlarının qorunması məsələsidir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadın hüquqlarının qorunması və təkmilləşdirilməsi sahəsində Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev qadın hüquqlarının tənzimlənməsinə xidmət edən müxtəlif dövlət qurumların yaradılması və bəzi normativ sənədlərin qəbul olunması üçün müxtəlif fərman və sərəncamlar imzalamışdır. Adları aşağıda qeyd olunan həmin sənədləri və yaradılan qurumları ölkədə qadına verilən dəyərin, qadının Azərbaycan cəmiyyətində tutduğu yüksək mövqenin tərənnümü hesab etmək olar:
– Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında Fərmanı;
– Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam;
– Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində imzalanan “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman;
– Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2000-ci ildə təsdiq edilən 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılması haqqında Fərmanı
– 2006-cı il 10 oktyabr tarixində qəbul olunan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu
– 2010-cu ildə qəbul olnan “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu
Azərbaycanda qadın hüquqlarının təmin olunması, onun daha da təkmilləşdirilməsi və müzakirəsi ilə bağlı həyata keçirilən önəmli fəaliyyətlərdən biri də Azərbaycan qadınlarının qurultaylarının təşkil olunması olmuşdur. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Bunu nəzərə alaraq əminliklə deyə bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsindəki Qələbədə Azərbaycan qadınlarının da böyük rolu olmuşdur.

Daha çox xəbərlər