Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb
Müəllif: Namiq Məmmədov
101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi üzrə Deputatın köməkçisi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev altıncı çağırış
Azərbaycan Respublikası Milli Məclisinin 10 mart 2020-ci il tarixdə ilk iclasında çıxış
edərək qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları
dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.
Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir.
Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır.
Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması deməkdir.
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmilləşdirilməsi
işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak
etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin
rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda
siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək
üçün böyük əhəmiyyətə malikdir.
Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz.
Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə
görüşlər keçirir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.
Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis
tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm
əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların
fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.
Ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri
daşıyır. Kadr islahatları aparılır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı
mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır,
həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. İslahatların
dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli
Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk
növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir.
Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir.
Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik
təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar
qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası
daha da geniş olmalıdır.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum
əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi
mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına
qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir,
kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik
mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların
fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində
qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir
altına düşməməlidirlər.
Ölkə xaricində anti-Azərbaycan qüvvələri yaratmaq istəyirlər. Yeni beşinci
kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin
etimadını doğrultmur. Yeni beşinci kolon axtarışı gedir. Bu yol xəyanət yoludur. Bu,
iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir.
Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda
olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır.
Çünki aparılan islahatların mahiyyəti də budur.
Beynəlxalq fəaliyyətin səmərəliliyi artırılmalıdır. O təşkilatlarda ki, bizə qarşı
əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq.
Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.
Demokratiyadan dərs vermək istəyənlər özləri cinayətlər törədirlər. Avropanın
dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü
qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs
edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər. Parlamentin iqtisadi sahədə
görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda
olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət
üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq;
Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha
geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır.
Parlamentin rolu burada vacibdir. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik
şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi
sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm
təhlükəsizlik, həm də sabitlik təmin edilir.
Türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır.
Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədləri vardır. Bu da
Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və
dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz
var. Azərbaycanın siyasəti situativ deyil.

