Müasir dövrün bütün çağırışlarına cavab verən Partiya
Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə çox çətin, ağır şəraitdə yaradıldıqdan sonra qısa bir müddət ərzində artıq ümumxalq partiyasına çevrildi. Bununla da Azərbaycanın tarixində yeni bir eranın, inkişaf mərhələsinin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq, bütün sahələrdə davamlı inkişafa nail olan Yeni Azərbaycan Partiyasının VII Qurultayı da, ölkəmizin ictimai – siyasi həyatında önəmli bir hadisə oldu. Demək olar ki, bu Qurultayda qəbul olunmuş qərarlar, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev cənablarının proqram xarakterli nitqi partiyamızın, eləcə də müstəqil Azərbaycanımızın gələcək fəaliyyət proqramıdır.
Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilmişdir. Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən çox mühüm strateji sənəddir. 5 fəsildən ibarət olan proqramda Azərbaycanın qarşısında dayanan yeni hədəflər öz əksini tapmışdır və bu proqram uğurla reallaşdırılır.
Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Partiyanın VII qurultayını əlamətdar edən mühüm amillərdən biri də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. YAP-ın VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu, eləcə də yeni Nizamnaməyə əsasən İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı kimi vacib strukturlar yaradıldı. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.
Partiyada birinci müavin postunun təsis olunmasını və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə edilməsini idarəetmə prosesinin daha təkmil formada həyata keçməsinə yol açmış oldu. “Mehriban xanım Əliyevanın partiyamızın Sədrinin birinci müavini kimi fəaliyyəti YAP-ın nüfuzunun və gücünün, Yeni Azərbaycan Partiyasına ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza tarixi Zəfərin sevincini yaşatdı, adını tarixə torpaqlarımızın xilaskarı, qalib Sərkərdə kimi yazdı. Bu tarixi Zəfərin reallıqlarına söykənərək VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının ötən ilin sonunda İdarə Heyətinin qərarı ilə təsdiqlənən yeni proqramında qarşıdakı dövrün əsas hədəfləri öz əksini tapıb. İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunmasına dəstək əsas hədəflərdəndir.
Ayaz Cəbrayılov,
YAP Kürdəmir rayon təşkilatının sədri

