“Ohanyan səddi” Azərbaycan əsgəri tərəfindən qısa zamanda darmadağın edildi – Vətən Müharibəsi Qəhrəmanı
Həmin ərazidə, həqiqətən də, düşmənin “keçilməz Ohanyan səddi” dediyi mühəndis qurğuları var idi. Lakin zaman göstərdi ki, Vətən sevgisi ilə döyüşən Azərbaycan əsgərinin qarşısını heç bir sədd ala bilməz!
ARANTV.AZ xəbər verir ki, bunu Birlik komandiri general-mayor, Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidov APA-ya müsahibəsində deyib.
Kənan Seyidov qeyd edib ki, Ağdam və Füzulinin işğalına və işğal altında saxlanılmasına Ermənistan ordusu hələ Birinci Qarabağ döyüşlərində də çox böyük önəm vermişdi: “Vətən müharibəsində də belə idi. Çünki düşmən yaxşı bilirdi ki, Şuşaya gedən ən qısa yol məhz Füzuli şəhərindən keçir. Bu baxımdan Füzuli rayonunun həm böyük rayon olması, həm də orada düşmən hərbi hissələrinin çoxluğu, düşmən qüvvələrinin sıxlığı bu istiqamətdə qanlı döyüşlərin olacağına, hər iki tərəfdən itkilərin də çox olacağına zəmin yaratmışdı. Füzulidə çox ağır döyüşlər getdi. Lakin düşmən bizdən qat-qat çox itkilər verdi. Çünki biz qərarlı idik, qalib gələcəyimizə əmin idik. Biz bilirdik ki, Şuşaya gedən yol məhz Füzulidən və Xocavəndin kəndlərindən keçir. Ona görə də Şuşaya gedən yolun üzərindəki Füzuli şəhəri mütləq şəkildə düşməndən tezliklə azad edilməli, oradakı düşmən qüvvələri geri çəkilməyə imkan tapmadan məhv edilməli idi. Təbii ki, bu qanlı döyüşlər zamanı itkilərin olması labüd idi. Baxmayaraq ki, işğaldan azad olunan ərazilərdə artıq böyük infrastruktur quruculuğu işləri gedir, bu gün istənilən şəxs, hətta hərbçi olmayan bir adam da ora getsə, həmin səddi görüb, orada düşmən tərəfindən 28 il ərzində nə dərəcədə hazırlıq işlərinin görüldüyünü görə və dərk edə bilər. Sözün əsl mənasında, taktiki normativləri qat-qat aşan, bir neçə vallar, istehkam qurğuları qurulmuşdu. İstənilən texnikanın keçməsi, hətta piyadaların belə keçməsini çətinləşdirən çox böyük işlər görülmüşdü. Yəni düşmən ciddi hazırlaşmışdı. Döyüş mövqeləri, uzun müddətli atəş nöqtələri, dəmir-betonlar qurğular vasitəsilə möhkəmləndirilmişdi, vallar və tank əleyhinə xəndəklər hazırlanmışdı, partlayan və partlamayan maneələr qurulmuşdu, mühəndis-istehkam qurğuları gücləndirilmiş, hakim yüksəkliklərdə kamera sistemi qurulmuşdu. Təsəvvür edin ki, o sədlərin qorunması üçün düşmən çoxlu sayda tank əleyhinə vasitələr də yerləşdirmişdi. Bu da istər-istəməz həmin maneələrin keçilməsi, dəf edilməsi zamanı istifadə olunan texnikanın və şəxsi heyətin hərəkətini çox çətinləşdirirdi. Hücuma keçən qüvvələrin vurulmasını, qarşısının alınmasını asanlaşdırırdı. Bütün bunlara baxmayaraq, əzm, iradə, qərarlılıq, fədakarlıq, cəsarət sayəsində həmin “Ohanyan səddi” Azərbaycan əsgəri tərəfindən qısa zamanda darmadağın edildi və ərazilərimiz azadlığına qovuşdu”.

